"... Ziya Məmmədovu Hizbullaha, İŞİD-ə bağlayacaqlar"





"Amerika prezidenti Donald Tramp hansı qərarı qəbul etməsi onun özünün biləcəyi işdir. Amma o, hələ prezident seçilməzdən əvvəl Məmmədovlarla birgə işləyib".

Bu barədə Sherg.az-a ABŞ senatorları Trampın Məmmədovlarla biznesinin araşdırılmasını tələb etməsinə münasibət bildirərkən siyasi elmlər doktoru, sabiq millət vəkili Cümşüd Nuriyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın xarici investisiyaların qorunması haqqında qanunu qüvvədədir:

" Bu qanun 1992-ci ildə qəbul olunub. Həmin qanuna uyğun olaraq, ölkəmizdə çalışan bütün investorlar Azərbaycanın qanunvericiliyinə uyğun fəaliyyət göstərirlər. Hazırda həmin qanunvericilik hüququ qüvvəsini daşıyır. Trampın Azərbaycanda ortağı Ziya Məmmədov, Anar Məmmədov olmasın, kim olur olsun dəxili yoxdur. Azərbaycanda ortaq tapıb, onlarla birlikdə bu işi görüb. D. Tramp da vəsait qoyub, onlar da vəsait qoyub. Birgə fəaliyyətin nəticəsində həmin biznes tamamilə, Azərbaycan qanunlarına uyğun qurulub. Bizdə həmişə problem var ki, Amerika D. Trampın seçilməsinə görə, əks qüvvələr ona hücum edir. Z.Məmmədov vəzifədən azad edildikdən sonra isə ona hücumlar edilir. Bu hücumların arxasında başqa maraqlar durur. Yenə də tamamilə qanuni fəaliyyətdir".

Z.Məmmədovun İran İnqilab Keşikçiləri ilə əlaqəsinə münasibət bildirən ekspert söyləyib ki, deyəsən Amerika ağlını itirib:

"Bunlar axmaq iddialardır. Bunu aparıb terrora bağlamaq mənasızdır. Mən Z.Məmmədovun bu dərəcədə qüdrətini görməmişəm. Bilirəm ki, o, bu işlərdən uzaq insandır. Onun fəaliyyətini Trampa, dolayısı ilə İrana bağlamağın tamamilə fərqli məqsədləri var. Belə iddialara qarşı bir qədər diqqətli davranmalıyıq".

"Çirkli” pulların "yuyulması” məsələsinə gəldikdə isə C. Nuriyev deyib ki, dünyada ən çox bununla məşğul olan Amerika banklarıdır:

"Belə bir şey varsa, Azərbaycanda Amerikanın "Ekspress” banklarının həyata keçirilən əməliyyatlarından niyə Amerika vaxtında xəbər tutmurdu. İndi Trampla onların arasında qarşıdurma var deyə Azərbaycanı ittiham etməyə çalışırlarsa, bu da uğursuz gedişdir. Onlar hər halda hansısa bankla işləməli idi. Bu hadisələr yaşanandan sonra deyəsən Amerika da yavaş-yavaş azərbaycanlaşır. Yıxılandan sonra da hücuma keçirlər. Amerikada Tramp hakimiyyətə gələndən sonra onu bu qədər ittiham etmək düzgün deyil. Xüsusilə, prezidentin Anar Məmmədovla biznesi olub, Z.Məmmədovun və Elton Məmmədovun ora dəxili yoxdur. Tramp orada işləyən vaxtda Elton Məmmədov deputat idi. Azərbaycan qanunvericiliyinə görə, deputatın bu işlərə mənəvi dəstək çıxılmaqla, qarışmaq ixtiyarı yoxdur. Maddi, iqtisadi dəstəkdən söhbət gedə bilməz. Açığı mən bu iddialarda bir qədər qərəz görürəm. Trampı ləkələməkdən, onunla problemləri həll etməkdən ötrü ona qara yaxırlar. Bununla Azərbaycan dövlətini də bu prosesə qatmağa çalışırlar".

Hazırda Trampın Azərbaycanla heç bir əlaqəsinin qalmadığını iddia edən müsahibimzi diqqətə çatdırıb ki, əvvəl "Trump Tower” adlanan binadan da Trampın adı çıxarılıb:

"Onu söküb, yerə atılıb. Bundan sonra Tramp heç bir iddia edə bilməz. Heç Amerika da iddia edə bilməz. Çünki onun yönləndirdiyi investisiya Azərbaycan qanunvericiliyinə uyğun olaraq geri qaytarılıbsa, Trampın Azərbaycana qarşı hər hansı iddiası yoxdursa, Azərbaycanda baş verən hadisələrlə bunu bağlamaq qanunsuzdur. Bütün hallarda Azərbaycan mövcud qanunvericiliyə uyğun hərəkət edir. Əgər Azərbaycanın vətəndaşı Anar Məmmədov hansısa qanunu pozubsa, bunun üçün Arbitraj Məhkəməsi var. Orada bunu müəyyənləşdirməlidirlər. Amma bunu aparıb, İranla ya da başqa amillərlə bağlamaq doöru deyil. Bir az da keçsə, Ziya Məmmədovu Hizbullaha, İŞİD-ə bağlayacaqlar. Bunun arxasında fərqli məqsədlər durduğuna görə, bizim borcumuz kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını qorumaqdır. Onların irəli sürdüyü iddialar haqsızdır. Mənim nə Ziya Məmmədovla, nə də Elton Məmmədovla şəxsi qərəzliyim var. Amma bu, haqsızdır. Ona görə, belə məsələlərdə Azərbaycan vətəndaşının haqqını qorumaq borcumuzdur".

Qeyd edək ki, ABŞ Senatının bir qrup aparıcı üzvü prezident Trump-ın Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığının araşdırılması üçün federal təhqiqatın keçirilməsin istəyiblər. Onların fikrincə, sözü gedən biznes, çirkli pulların yuyulması və İranın İslam Keşikçiləri Korpusuna (İİKK) bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi. Senatorlar Sherrod Brown, Ben Cardin və Dianne Feinstein bu barədə naraharlıqlarını ABŞ maliyyə naziri Steven Mnuchin, baş prokuror Jeff Sessions və FTB-nin direktoru James Comey-yə yazdıqları məktubda açıqlayıblar. Brown, Cardin və Feinstein ABŞ senatının Bank, Evtikmə və Şəhərsalma, Xarici Əlaqələr və Ədliyyə komitələrinin ən yüksək vəzifəli üzvləridirlər. ABŞ Konqresinin yaydığı mətbuat məlumatında deyilir ki, senatorların narahatlığı 2017-ci il, martın 13-də New Yorker jurnalında dərc eduilmiş "Donald Trump-ın ən pis sazişi” adlı təhqiqat məqaləsində yazılanlardan qaynaqlanır. Bu məqalədə söhbət Trump Organization təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi Trump Tower göydələnindən gedir. Məqalədə yazılanlara görə Məmmədovlar İran İnqilab Keşikçiləri Korpusu ilə bağlara malikdirlər. İİKK İranda əhəmiyyətli iqtisadi və siyasi qüdrətə malik seçmə hərbi qüvvədir.

Ayyət Əhməd