Ziyad Səmədzadə:"Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsə idi... "






"Heydər Əliyev Azərbaycan xalqının əbədi ümummilli lideri, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusudur”.

Bu barədə "Sherg.az”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib. 

O vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan Respublikası üçün gördüyü işlər əvəzolunmazdır:

"Müstəqilliyini yenicə əldə etməyi bacaran Azərbaycan azadlığını itirmək qorxusu ilə baş-başa idi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsə idi, bugünkü müstəqil Azərbaycan olmayacaqdı. O, hakimiyyətə qayıdanda ilk olaraq, ölkədəki ictimai-siyasi sabitliyi bərpa etdi. Dünyanın təcrübəsinə əsaslanaraq, təbii resurslardan səmərəli istifadə etmək məsələsini gündəmə gətirdi. Azərbaycanın iqtisadi inkişafını təmin etmək üçün dünyanın aparıcı şirkətlərini cəlb etdi. Dövlət Neft Şirkətini özəlləşdirməmək onun atdığı ən düzgün addımlardan biri idi.

H. Əliyev müstəqilliyini yeni bərpa edən dövlətimizi dünyaya tanıtmaq üçün sistemli şəkildə çalışdı. Müstəqil Azərbaycanın qanunvericilik sistemi də möhkəmləndirildi, yeni iqtisadi strukturlar yaradıldı. Bu sistemin yaradılması, qanunların qəbul edilməsi, ictimai-siyasi sabitliyin formalaşdırılması Azərbaycanın inkişaf imkanlarını köklü şəkildə dəyişdirdi.

Ümummilli liderin tarixi xidmətlərindən biri Azərbaycanı ən aparıcı dünya dövlətləri sırasına yüksəltmək oldu. O, dövlətimizin müstəqil siyasət həyata keçirmək diplomatiyasını əldə etdi. Qloballaşan dünyanın, mürəkkəb siyasi proseslərin cərəyan etdiyi dönəmdə Heydər Əliyevin qurduğu, İlham Əliyevin idarə etdiyi Azərbaycan müstəqil siyasət yürüdə bilir. Allah dövlətimizi qorusun, hər zaman inkişaf yolunda saxlasın”.

Xatırladaq ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür.

Aysel Aslan