Ziyalıların savaşı...

Tural-Nigar davasının səbəbkarı kimdir?
Anar Bayramoğlu




Bir neçə gündür ədəbiyyat gündəmini yazar Qan Turalı ilə, ölkənin ən böyük kitab satışı şəbəkəsinin, "Əli və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərli davası zəbt edib.

Dava yazarın bu yaxınlarda işıq üzü görən "Doqquz hekayə” kitabını "Əli və Nino” mağazasının satmaqdan imtina etməsi ilə başladı. Əslində bu davanın bir çox yaxşı tərəfləri var. Əvvəla aylardır, bəlkə də illərdir mürgüləyən ədəbiyyat cameəsində bir canlanma müşahidə olundu. Digər yandan ölkədə kitab çapı və yayımının normal standartlarla həyata keçirilmədiyi ortaya çıxdı. Ən önəmli yanı isə, insanlarımızın kitaba nə dərəcədə biganə münasibət bəsləməsini gün üzünə çıxardı. Bu davada yazıçımı haqlıdır, yoxsa kitab satıcısımı?

Tural bəyin və Nigar xanımın "Şərq” qəzetinə verdikləri müsahibələri ilə də, digər mətbu orqanlardakı açıqlamaları ilə də tanışam. Tərəflərin hər birinin öz arqumenti var ki, daşdan keçər. Məsələn, Qan Turalı deyir ki, sən bu ölkədə kitab satışını həyata keçirirsənsə və özünü yeganə kitab satışı şəbəkəsi sayırsansa, niyə yerli yazarların, lap elə mənim kitabımı satmaqdan imtina etməlisən? Əgər mənim zəhmətimin məhsulunu oxucuma çatdırmırsansa, o zaman sənin mağazanı baykot edirəm, yazarları da baykota çağırıram.

Məncə, Tural bəyin yanaşması haqlı etiraz formasıdır. Kitab çap olunubsa, niyə satmamalısan ki? Yerli yazarlara qərəzli münasibət hardandır? Nə yaxşı "Əli və Nino”nu yaradanda, yerli yazarların kitablarının hamısını rəflərə qoyurdun? İndi nə oldu, nə dəyişdi?

Nigar Köçərli isə deyir ki, kitab satılmırsa, illərlə anbarda qalırsa, niyə boşuna yer tutsun? Mən iş adamıyam, mağazaların icarəsinə pul verirəm. Gəlir gətirməyən məhsulu niyə satmalıyam? Bu baxımdan da xanım sahibkar haqlıdır. Satılmayan kitabı anbarda çürütmək yazara da, sahibkara da ziyandır.

Deməyim odur ki, hər iki tərəfin arqumentlərində haqq var.

Ədəbiyyat insanlarının, kitaba və kitabçılığa xidmət edənlərin, ziyalı təbəqə sayılan şəxslərin savaşması, biri-birinə qarşı kəskin ittihamlar səsləndirməsi heç də yaxşı hal deyil. Çünki bu təbəqə insanlara savaşmamağı, biri-birinə qarşı aqressiv olmamağı cəmiyyətə aşılayan təbəqədir. Yazarın kitab satıcısını baykot etməsi, satıcının isə yazarın kitabına rəfində yer verməməsi xoş olmayan bir mənzərədir. Amma hər savaşda bir xeyir var. İllərdir kitab sahəsində olan problemlər Tural-Nigar davasında bir daha ortaya çıxmış oldu. Təsdiqləndi ki, ölkəmizdə kitab oxuyanların sayı çox azdır. Problem də buradan qaynaqlanır. Xüsusən də gənc nəslin kitaba, ədəbiyyata marağı aşağı səviyyədədir. Əgər gənclər metroda, avtobusda telefonda "iqra” oynamaq əvəzinə, kitab oxusaydı, o zaman bu dava olmazdı. Qan Turalının da, digər yazarların da kitabları satılardı. Satış göstəricisinin yüksək olduğunu görən Nigar Köçərli isə bu yazarların kitabını satmaqdan imtina etməzdi. Deyə bilərlər ki, gənclərin imkanı çatmır kitab almağa. Amma bu, mənasız arqumentdi. Nə yaxşı kontura, siqaretə pul tapılır, kitaba tapılmır? Bahalı çay evində oturub 20 manat çay dəsgahına hesab vermə, 2 manatlıq sadə çay iç. Bu qədər bəsit. Yəni istəyimiz, həvəsimiz olsa, həftədə bir kitab almağa gücümüz çatar.

Hə, bir də, "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun Murad Köhnəqalanın kitabı ilə bağlı verdiyi statistika həm yazarın, həm naşirin həm də kitab satanın durumuna görə adamın ürəyini ağrıdır.

Şahbaz bəy facebook statusunda belə yazıb -

İndi isə Muradın kitabının hesabatı:

Kitabın çap sayı: 300

Kitab dükanlarına yayıma gedib: 130

Təqdimatda satılıb: 39

Kitab evim -1 ədəd

28 metrosunun yanı-5 ədəd

Müəllifə pulsuz nüsxə: 2 ədəd

Anbarda qalıb: 101 ədəd.

Müəllifin aldığı: Hər birinə 2 manat ödəməklə 20 ədəd.

Fevral ayından bu vaxta qədər 67 ədəd satılıb. Yalnız may ayında isə Muradın kitabı 3 ədəd satılıb.

Ötən 4 ay ərzində kitab satışından nəşriyyata 160 manat pul daxil olub. Kitabın nəşriyyat üçün təmiz başa gəlmə xərci 390 manat olub.

"Qanun” nəşriyyatı özəl nəşriyyatdır. Redaksiyanın əməkdaşları da daxil olmaqla 70 nəfərdən çox tərcüməçi, redaktor, korrektorla çalışır. Belə bir vəziyyətdə nəşriyyat necə yaşaya bilər? Və niyə, hansı ilahi səbəblərə görə Muradın kitabını çıxarmalıdır.?