Professor Azərbaycanın istehsal edəcəyi dərmanların keyfiyyətindən DANIŞDI

“Ola bilsin ki, ilkin olaraq bu sahədə müəyyən problemlər yaşansın. Məsələn, dərmanların keyfiyyət parametrlərində müəyyən çətinliklər ola bilər”

Ölkəmizdə bəzi dərmanlar istehsal olunacaq. Belə ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin Dərman vasitələrinin istehsal zavodunun bu ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulub.
“R-Pharm” MMC-nin və Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC-nin dərman istehsalı zavodlarına əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, kardioloji, antidepresant, antiepileptik, antihistamin dərmanların istehsalı planlaşdırılır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında ölkəmizdə dərman vasitələrinin istehsalının müsbət tendensiya olduğunu dedi:
“Ola bilsin ki, ilkin olaraq bu sahədə müəyyən problemlər yaşansın. Məsələn, dərmanların keyfiyyət parametrlərində müəyyən çətinliklər ola bilər. Amma bu işin başlanması çox mühümdür. Çünki hər bir ölkənin dərman sənayesi, ən azı minimal da olsa, dərman istehsal etmək imanı olmalıdır. Bu, icbari tibbi sığorta baxımından da çox vacibdir. Çünki sığorta paketinə daxil olan lazımlı dərmanların pulsuz olması çox önəmlidir. Ona görə də hesab edirəm ki, bu işə başlanılması olduqca sevindiricidir. Ümumiyyətlə, əczaçılıq sənayesinin inkişafına aid olan bütün addımlara müsbət yanaşmaq lazımdır”.