“Qurban kəsmək təkcə həccə gedənlərə aid deyil, imkanı olan hər kəs...”- İlahiyyatçı


Avqustun 12-13-ü Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bəzi ilahiyyatçılar indidən bayramla bağlı maarifləndirici və məlumat xarakterli bilgilər paylaşır, müsəlmanlara öz tövsiyyələrini verirlər. Lakin Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin ötən gün qurbanlıqla bağlı söylədiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb. İlahiyyatçının “Qurban bayramı Həcc ayinlərindən sayıldığına görə, bayram günü qurban kəsmək ancaq hacılara vacib olur” sözləri müəyyən narazılığa səbəb olub. Hacı Şahin Həsənli bəyan edib ki, müsəlmanların bayram günü qurban kəsib paylaması sadəcə bəyənilən əməldir. Ancaq digər insanların qurban kəsməyi dini-nöqteyi nəzərdən o qədər də vacib hesab olunmur. 

QMİ nümayəndəsinin qurban kəsimi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən ilahiyyatçı-alim Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında bu cür yanaşmanın yanlış olduğunu deyib. 

İlahiyyatçının fikrincə, qurban kəsmək təkcə həcc vaxtı və həccə gedənlərə aid deyil. Qurban bayramında imkanı olan hər kəs qurban kəsə bilər:

“Qurban, ərəb dilində “qaraba”, yəni yaxınlaşmaq sözündən düzəlib. Şəriətdə isə qurban, böyük hәcc ayı olan Zilhiccə ayının onuncu günündә, bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvana deyilir. İbadət niyyəti ilə xüsusi vaxtlarda, müəyyən xüsusiyyətləri daşıyan heyvanın kəsilməsinə də qurban deyilir.

Qurban üçün ərəb dilində “udhiyyə” və “zəbh” sözləri də ifadə olunur. Bunun da mənası ibadət niyyəti ilə heyvan kəsmək deməkdir. Qurban, mal varlığına bağlı olan ibadətlərdən biridir. Bu, Allah təalanın bəxş etdiyi nemətlərin şükrünü vermək üçün bir borcdur.

Hər bir müsəlman gücü çatan qədər Allah yolunda qurban kəsməlidir. Qurban ibadətinin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Dinimizdə bunu İbrahim peyğəmbərə dayandırırıq”. 

Ə.Həsənovun sözlərinə görə, Allah verdiyi nemətlərin şükrünü etmək üçün insanlara qurban kəsməyi əmr edir: 

“Qurban kəsməklə insan Allaha yaxınlaşır. Başqa ibadətlər kimi qurban ibadətində də yaxşı niyyət və ixlas, yəni Allah üçün səmimiyyət əsas şərtdir. Allah “Qurani Kərim”də bu səmimiyyəti belə ifadə edib: “..Onları (qurbanlıq heyvanları) sizə ram etdik ki, bəlkə nemətimizə şükür edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır, yəni səmimi-qəlbdən etdiyiniz ibadətdir”.

Ekspert vurğulayıb ki, Qurban kəsməyi bəzi alimlər fərz, bəziləri vacib, bəziləri isə sünnət hesab ediblər: 

“Ən yaxşı halda bütün alimlər yekdil qərara gəliblər ki, qurban kəsmək Allahın əmri olduğu üçün gücü çatan hər kəsin o ibadəti yerinə yetirməsi şərtdir. Allah “Kövsər” surəsində də Qurban kəsməyi əmr edib: “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”. Alimlər qurban kəsənlər üçün bəzi şərtləri müəyyənləşdiriblər. Tələblərə cavab verənlər, məsələn, müsəlman olan, ağıl sahibi, yetkinlik həddinə çatan, səfərdə olmayan, azad olan, qurban kəsməyə maddi imkanı olan şəxslər qurban kəsə bilərlər”. 

İlahiyyatçının sözlərinə görə, əgər bir şəxsin borcu varsa, ona vacib olan borcunu ödəməsidir: 

“Borclu olduğu halda təzədən borc edərək qurban kəsmək düzgün deyil. Müsafir olan şəxsin də qurban kəsməsi vacib sayılmır. Qurban etmək üçün münasib heyvanlar dəvə, mal-qara, inək, camış, qoyun, keçi, təxmini altı ayını keçmiş quzu və çəpişdir. İnəyin və camışın iki-üç yaşdan yuxarı olması şərtdir. Mal-qaraya bir neçə nəfər də ortaq olub kəsə bilərlər. Qüsurlu heyvanların qurban kəsilməsinə isə ümumiyyətlə icazə verilmir”.