Bakıda ikinci "Tarqovı": Təklif irəli sürüldü

Şəhərin mərkəzi küçələrinin bir çoxu Nizami küçəsi kimi piyadalaşdırılacaq. Bu sahədə hazırda xarici təcrübə öyrənilir.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkə istifadəçilərinin İslam Səfərli küçəsinin maşınlar üçün dayanacaq kimi istifadə edilməsinə etiraz edərək bu küçənin də piyadalaşması ilə bağlı etdikləri təklifə münasibət bildirərkən deyib.

BNA rəsmisi bildirib ki, bu, olduqca gözəl təklifdir:

“BNA-nın planında Bakıda piyadalaşmış küçələr təşkil etmək kimi layihələr var. Düşünürəm ki, yaxın vaxtlarda bu cür istəklər artıq reallıq olacaq. Şəhərin mərkəzi hissəsinə aid küçələrlə bağlı müzakirələr gedir. Xarici təcrübə də öyrənilir”.

Qeyd edək ki, İslam Səfərli küçəsi Nigar Rəfibəyli küçəsinə dirəndiyi üçün hansısa əhəmiyyətli nəqliyyat funksiyası yoxdur. Buna görə də sözügedən küçənin Nizami küçəsi kimi maşınlar üçün birdəfəlik qapadılması təklif edilir.