Bakı israillilərin bəyəndiyi 10 şəhərdən biridir


İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici şəhərlərin siyahısı açıqlanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti "Ynet" ölkənin "Amadeus" şirkətinə istinadən açıqlayıb. 

Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29 faiz artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb. İlk 10-luğa, həmçinin, Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr və Yunanıstanın şəhərləri daxil olub. 

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistlərə istiqamətlənən kampaniya həyata keçirir.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Təl-Əviv şəhərində təşkil olunmuş "Beynəlxalq Aralıq dənizi Turizm Bazarı" (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib.

İyuldan başlayaraq İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb.

Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 082 nəfər təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24464 İsrail vətəndaşı səfər edib.