Məmurlar sosial şəbəkələrdə aktiv olmalıdırlar: Bu hakimiyyətlə xalq arasında körpü yaradır

"Bu metod Azərbaycanda operativlik və yeni texnologiyaların vətəndaşın rifah halının yüksəldilməsinə yönəlik gözəl bir nümunəsidir"




Sosial şəbəkələrə maraq artdıqca virtual platformalara qoşulanların sayı da çoxalır. Artıq günümüzü sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Demək olar ki, ictimaiyyətin bütün təbəqələri sosial şəbəkələrdən gen-bol istifadə edirlər. Son dövrlər isə ölkənin tanınmış siyasətçiləri, yüksək vəzifə sahibləri də Feysbuk və Tvitter şəbəkələrinin aktiv istifadəçisinə çevrilməkdədir. Xüsusən vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva da aktiv sosial şəbəkə istifadəçiləridir. Dövlət başçısı və Birinci xanım uzun zamandır Feysbuk və Tvitter üzərindən paylaşımlar edirlər.
Həmçinin, Baş nazir Novruz Məmmədov, baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov və hakim partiyanı təmsil edən onlarla millət vəkilləri də facebookda hesabı olan siyasətçilərdəndir. Kənd təsərrüfatı naziri İnam Kərimov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Təhsil naziri Ceyhun Bayramov, Vergilər naziri Mikayıl Cabbarovun da sosial şəbəkələrdə hesabları mövcuddur və müəyyən qədər də olsa aktivlikləri müşahidə olunmaqdadır. Komitə sədrlərindən yalnız Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının aktivliyini görə bilirək.
Bir müddət öncə hakim partiyanı təmsil edən millət vəkili Siyavuş Novruzov facebookda özünə hesab açıb. Ötən gün Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Facebook”dakı şəxsi profillərində yazdığı status da ölkə mediasının diqqətindən yayınmayıb və müzakirələrə səbəb olub. Prezidentin köməkçisi sosial şəbəkələrin önəminə diqqət çəkərək, Feysbukun vətəndaşlarla hökumət nümayəndələri arasında mühüm və faydalı platforma olduğunu vurğulayıb:
“Tez-tez bu cür suallarla qarşılaşıram “Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir”. Professor Əli Həsənov bəyan edib ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşıya qoyulmuş ən ümdə vəzifələrdən biridir: “Bu vəzifəni layiqincə yerinə yetirmək üçün mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır. Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəcüblü gəlməməlidir. Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarekterli çağırışların tirajlanması baxımından da münbit məkandır. Buna baxmayaraq, bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram”. Xatırladaq ki, professor Əli Həsənovun “facebook”da səhifəsi çoxdan var idi və buradan intensiv paylaşımlar edilirdi. Amma Prezidentin köməkçisi yeni profil açaraq sosial şəbəkədə daha fəal olmağa qərar verib. 
Ekspertlərin fikrincə, dövlət məmurlarının sosial mediaya gəlişi tendensiyasını alqışlamaq lazımdır. Çünki bu, həm hökumət nümayəndələri, həm də vətəndaşlar üçün çox faydalıdır. Ən qiymətli informasiyaların hökumət təmsilçilərində olduğunu nəzərə alsaq, məmurların sosial şəbəkəyə inteqrasiyanın əhəmiyyətini anlamaq olar. Düzdür, son zamanlar canlı yayımlara çıxan, sosial media vasitəsilə vətəndaşlarla ünsiyyətdə olan nazirlər, komitə sədrləri və digər qurum rəsmilərini görsək də, xeyli nazir və məmurların sosial şəbəkədə aktivliyi gözə çarpmır. Halbuki sosial şəbəkələr problemi olan vətəndaşla rahat, maneəsiz və sürətli şəkildə ünsiyyət qurmağın ən münasib formasıdır. Həmçinin, bu cür platformalar bürokratik əngəl səbəbindən yuxarılara sözünü çatdıra bilməyən insanların dövlət qurumlarının rəhbərləri ilə birbaşa əlaqə saxlaması baxımından da əlverişli metoddur. Hətta bu üsul ara-sıra rayonlara gedərək problemi olan vətəndaşları qəbul etməkdən daha faydalıdır. Çünki bir çox hallarda kilometrlərlə aralıda yaşayan vətəndaşlarımız nazirlərlə görüş yerinə gəlməkdə çətinliklər çəkirlər. Bir çox hallarda isə onların müvafiq qurumlara müraciətinə cavab gəlmir. Nəticədə sakinlər dərdlərini deyə bilmir və problemlər həll olunmadan qalır. 
Məsələni “Şərq”ə dəyərləndirən tanınmış jurnalist, sosial şəbəkədə aktiv fəaliyyət göstərən Azər Həsrət deyib ki, Azərbaycan hakimiyyəti daha çox şəffaflıq təşəbbüslərinə dəstək verir. Ona görə də hakimiyyətin bütün fəaliyyətləri haqqında vətəndaşların dərhal xəbərdar olması üçün şərait yaradır
“Təbiidir ki, bu şəraitin yaradılmasında ayrı-ayrı məmurların, konkret vəzifə sahiblərinin böyük rolu var. Hamımız bilirik ki, cənab Prezident İlham Əliyev çox şəffaf fəaliyyət göstərir və dövlət başçısının bütün xidməti göz önündədir. Prezident həm ənənəvi media, həm də sosial şəbəkələr üzərindən öz fəaliyyətini daim cəmiyyətə təqdim edir. Hörmətli Əli Həsənov və Əli Əhmədov özlərinin bütün fəaliyyətləri boyu sosial şəbəkələrdə aktivlik nümayiş etdiriblər. Bu cür şəxslərin sosial mediada olması vətəndaşla hakimiyyət, xalqla dövlət arasında münasibətlərin daha şəffaf və operativ olması üçün faydalıdır. Məmurlar və vəzifəli şəxslər sosial mediada varsa, feysbukdan aktiv istifadə edirlərsə, ən sadə vətəndaş üçün əlçatan olurlar. Bir var insan fiziki olaraq gedib hansısa məmurun qəbuluna yazılsın, yaxud məktub göndərsin, bir də var ki, sosial media üzərindən müraciətlərini ünvanlayaraq dərhal cavab alsın. Bu metod Azərbaycanda operativlik və yeni texnologiyaların vətəndaşın rifah halının yüksəldilməsinə yönəlik gözəl bir nümunəsidir. O baxımdan istənilən nazirin, məmurun və ya deputatın sosial şəbəkələrdən fəal istifadəsini alqışlayıram”. 
A.Həsrətin sözlərinə görə, bir sıra məmurlar, hökumət nümayəndələri və parlament üzvləri dövlət başçısının şəffaflıq siyasətinə yetərincə əməl etmirlər
“Kimlərsə hələ də sosail mediadan yararlanmırsa, yaxın müddət ərzində mütləq şəkildə istifadə etmələrini tövsiyə edirəm. Əgər cənab Prezident öz fəaliyyətini sosial mediada işıqlandırmağa üstünlük verirsə, professor Əli Həsənov və Baş nazirin müavini Əli Əhmədov bu nümunəni ortaya qoyursa, deməli digər vəzifə sahibləri də bundan qaçmamalıdır. Əfsuslar olsun ki, bəzi məmurlarımız sosial mediada yoxdur. Belə olan halda öz sözünü demək istəyən vətəndaşlarımız da çaş-baş qalırlar. Məcbur olurlar ki, müraciətlərini birbaşa cənab Prezidentə ünvanlasınlar. Halbuki məmurlar əlçatan olmaq üçün sosial şəbəkədən istifadə etsələr, bu cür problemlər ortadan qalxar”.