Səs gəlməyəndə xilasedicilər vaxt itirir

Fövqəladə hallarda qüsurlu insanları xilas etmək çətin olur

Mobil telefon şəklində, danışa bilməyənlər üçün siqnal verən cihazlar fikirləşib tapmaq olar

Fövqəladə hallar olduqda qüsurlu insanların təxliyəsi zamanı xilasedicilər gözlənilməz situasiyalarla qarşılaşır. Bunu Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, bu çətinlikləri daha çox xilasedicilər hiss edirlər: "Çünki bəzi insanlar qüsurlu olduğu üçün onların səs çıxarma və hərəkət etməsi ilə bağlı bir sıra çətinliklər olur. Adətən səs çıxarılanda xilasedicilər insanları daha tez təxliyə edə bilirlər. Amma bu olmayanda xilasedicilər otaqları bir-bir gəzməyə məcbur olurlar. Bəzən xilasedicilər hansısa çoxmərtəbəli binadan qüsurlu insanları öz kürəyində aşağı düşürürlər".

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva deyib ki, son illərdə Azərbaycanda evlərdə elektrik cihazlarının sayı dəfələrlə artıb. Bu da uşaqlı ailələrdə riskləri artırır.

M.Mustafayeva əlavə edib ki, son zamanlar bağlı qapı arxasında qalan uşaqlarla bağlı Fövqəladə Hallar Nazirliyinə edilən müraciətlərin də sayı artıb: "Yalnız son 40 gün ərzində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan uşaqlarla bağlı isə 45 müraciət daxil olub".

Nazirlik rəsmisi uşaqların risklərlə üzləşməməsi üçün valideynləri onları nəzarətsiz qoymamalarını tövsiyə edib.

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında fiziki qüsurlu insanlarla bağlı həqiqətən də çətin vəziyyət yarandığını bildirdi:

- Məsələn, xəstəxanalarda imdad düyməsi var. Tibb bacısına ehtiyac varsa, yaxud hansısa digər fövqəladə hal baş veribsə, xəstə və ya yaxınları dərhal imdad düyməsindən istifadə edir. Düşünürəm ki, fiziki qüsurlu insanlar üçün də buna bənzər çağırış vasitəsi tətbiq etmək olar. Mobil telefon şəklində, danışa bilməyənlər üçün siqnal verən cihazlar fikirləşib tapmaq olar. Belə məsələlərlə mütəxəssislər məşğul olmalıdır. Mümkünsüz bir şey yoxdur. Sadəcə, istək və iradə olmalıdır, cəhd göstərilməlidir. Çarəsiz durumda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə müraciət edilir. Amma bunu düşünmürük ki, xilasedicinin işi ikiqat ağırdır.

O, həm darda qalana kömək etməlidir, həm də özünü qorumalıdır. Belə vəziyyətdə işçi də panika içində ola bilər. Həm də binalarda, xüsusilə də yeni yaşayış komplekslərində fövqəladə hallar üçün əlavə çıxışlar çox zaman olmur. Nəinki əlavə çıxışlar, heç FHN və ya yanğınsöndürən maşın əraziyə yaxın düşə bilmir. Binalar bir-birinə o qədər bitişik tikilib ki, zərurət yarandıqda xüsusi avtomobillər binalara yaxınlaşa bilmir. Təhlükəsizlik baxımından eyvandan eyvana nərdivanlar olmalıdır. Baxırsan ki, nərdivan 2 metr hündürdə göydən asılı qalıb. Yaşlı adam, qadın, uşaq o nərdivanla necə aşağı düşə bilər? Binalar təhvil alınarkən bu məsələlərə ciddi önəm verilməlidir. 

L.Mehralı qeyd etdi ki, elektrik qızdırıcıları ilə bağlı vəziyyətsə, həqiqətən ağırdır:

- Biz kirayədə qaldığımız illərdə istifadə etdiyimiz istilikvericinin uşaqlar üçün təhlükəsiz olmasına diqqət etmişdik. Elə qızdırıcı almışdıq ki, açıq halda deyildi və uşaq üçün təhlükə daşımırdı. Uşaqlı evlərdə belə məsələlərə xüsusi diqqət olmalıdır. Bəlkə bahadır deyə, valideyn almaq istəmir, amma düşünsün ki, açıq halda olan qızdırıcı sabah daha ağır nəticə verə bilər və övladının sağlamlığı üçün qızdırıcının dəyərindən qat-qat artıq xərc çəkəcək. Mənzillərin isidilməsi də problemdir. Paytaxt binalarında mərkəzləşdirilmiş istilik sistemi yoxdur artıq. Sovet vaxtının istilik sistemi dağılıb gedib. Sakinlər məcburdur soyuqdan qorunmaq üçün qızdırıcılardan istifadə etsinlər. Amma evdə uşaq varsa, bütün cihazlar uşağa zərər verməyəcək halda olmalıdır.