Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Bakı sakini Alla Bağırova məktubunda vurğulayır:
Hörmətli İlham Heydər oğlu, koronavirus epidemiyası şəraitində ölkəmizdə əhalinin, o cümlədən yaşlı insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı gördüyünüz tədbirlərə görə ahıl insanlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Hər bir vətəndaş Vətənini sevməli, onun qarşısında məsuliyyətini dərk etməlidir. Bir həftə əvvəl AzTV kanalında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun konserti nümayiş etdirilirdi. O, yeni yaşayış massivindəki binalardan birinin mənzilinin eyvanında çıxış edirdi. Bir saatdan çox davam edən bu konsertdən təsirlənərək, mən də öz sevgimi aşağıdakı şeirlə ifadə edirəm:
Evlərinə çəkilib daldalandı insanlar,
Bəlalardan yayınıb, olmadılar heç rahat.
Bir tikə göy üzüydü eyvanda, bir də Günəş,
Ağır bir dərs keçirdi indi onlara həyat.
Qəfil göyün üzündə bir nəğmə süzdü sanki,
Qorxu qeybə çəkildi – elə bil heç yox imiş.
O nəğməyə qoşuldu eyvandakılar bir-bir
Süzür, süzür göylərdə – o nəğmə bir azad quş...
Bacı-qardaş kimiydi eyvanlarda adamlar
Açdı öz ağuşunu onlara nəğmə bu an.
Qarşıdakı eyvandan sevgi bağışlayırdı
Bir də ki ürəyini o nəğməni oxuyan.
“Hər şey yaxşı olacaq” – oxuyurdu nəğməkar,
Onun saf səsindəcə ümid çiçəkləyirdi.
Hər kəs öz eyvanından alqışlayırdı onu,
Sevinc içində gözlər göz yaşı çiləyirdi.
Qürurla döyünürdü ürəyi insanların!
Bayrağımız qalxmışdı eyvanında dünyanın!