Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Mingəçevirdən Nəriman İsmayılov ölkə başçısına təşəkkürlərini belə ərz edir:
“Hörmətli cənab Prezident, ölkə vətəndaşlarının sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz tədbirləri izlədikcə Sizə olan rəğbətimiz və sevgimiz daha da artır. Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.
Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər.
Cənab Prezident, inanırıq ki, görülən işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik.
Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını birliyə və həmrəyliyə çağırırıq. Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına əminik. Biz birlikdə güclüyük!”