“Kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafını stimullaşdırır”

"Azərbaycan quruculuq meydanına çevrilib.  Hər bir bölgə, kənd və qəsəbə öz simasını dəyişib”

“Həyata keçirilən infrastruktur layihələri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır” 





“Azərbaycanın bu gün dünyanı bürüyən pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları aradan qaldırmaq üçün həyata keçirdiyi Tədbirlər Planının uğurlu nəticələri beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Xüsusi vurğulanır ki, Azərbaycanın təcrübəsi təqdir olunmalı, tətbiqinə səy göstərilməlidir”. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, əksər dövlət Azərbaycanın  pademiyaya qarşı mübarizə tədbirlərinin əsas tərkib hissəsi olan xüsusi karantin rejiminin tətbiqinə daha çox üstünlük verir:

“Bu kimi məqamlar bir daha təsdiqləyir ki,  dünya təcrübəsinə  əsasən öz inkişaf modelini formalaşdıran Azərbaycan hər sahədə inkişaf üçün geniş imkanlara malikdir. Şübhəsiz ki, bu uğurlara yol açan əsas  amillərdən biri məhz zamanın, dövrün  tələbinə uyğun olaraq reallaşdırılan siyasi, iqtisadi, sosial islahatlar,  hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələrdir. Kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafını stimullaşdırır”.



V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda  ötən ildən başlayaraq struktur islahatları geniş vüsət alıb:
 
“Ölkə başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan  videokonfrans şəklində  müşavirədə bu məqamı xüsusi qeyd edib ki,  struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Prezident Administrasiyasında, Nazirlər Kabinetində,  hakimiyyətin bütün  qollarında aparılan islahatlar bir məqsədə xidmət edir ki,  idarəetmə mexanizmi daha da təkmilləşsin”. 

Baş redaktor vurğulayıb ki, bu gün  paytaxt və bölgələri müqayisə etsək onların arasında heç bir fərqin olmadığını görərik:

“Azərbaycan quruculuq meydanına çevrilib.  Hər bir bölgə, kənd və qəsəbə öz simasını dəyişib,  həyata keçirilən infrastruktur layihələri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.  Bölgələrimiz  arasında  gedən sağlam rəqabət  inkişafı daha da sürətləndirir. Bu gün fəxrlə qeyd etdiyimiz reallıqlarımızdan biri də budur ki, nəinki paytaxt, hətta bölgələrimiz öz sosial-iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycanın turizm sektorunda əldə etdiyi uğurlu nəticələr də məhz regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə əsaslanır. Bu inkişafa  stimul verən amillərdən biri məhz  həmin rayonların  rəhbərliklərinin Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək üçün səylər göstərmələri, həmçinin regional inkişaf proqramlarında hər bir bölgə  üçün nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsidir. 

V.Rəhimzadə qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafında əsas amillərdən biri məhz  iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasıdır:

“Prezident İlham Əliyev islahatların məntiqi davamı kimi  parlament seçkilərinin yekunlarını  önə çəkərək bildirir ki,   xalqımızın iradəsini ifadə edən seçkilər, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Məhz  kompleks tədbirlər, islahatlar hər bir Azərbaycan vətəndaşında uğurlu gələcəyə daha  böyük inam  formalaşdırır. Ölkəmizin dayanıqlı inkişafı qaçılmazdır. Tezliklə  pandemiyaya qarşı mübarizə tədbirləri öz müsbət nəticəsini verəcək, bu çətin günlər arxada qalacaq. Bugünümüzün çağırışları sırasında yer alan “Birlikdə kölgədən işığa  doğru” prinsipimizin uğurlu nəticəsini görəcəyik. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, biz birlikdə güclüyük!”.