Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə getdi - FOTO


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nın Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-dan verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şəraitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüş keçirilib. 

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib. Qazax rayonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.

“Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti müşavirə keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının möhkəmləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.