Sərt açıqlama:“Elə icra başçısı olub ki, fikrini barmaqları ilə izah edib” - İmtahandan keçsinlər !

“Ona görə də onların bir-bir təmizlənib yeni kadların qoyulması yaxşı haldır”

“İcra başçıları təyin olunmazdan əvvəl dövlət qəbulu imtahanları kimi imtahandan keçsinlər”

“Sovet dövründən o qədər saxta diplom alıb vəzifədə olanlar var ki, hətta professor adı alıblar”


Deputat Qüdrət Həsənquliyev icra başçılarını sərt tənqid edib. O bildirib ki, bir neçə rayonun icra başçısı həbs olunsa da, digərləri hələ də rüşvət almağa davam edir:
“Bir rayonun icra başçısı həbs olunur, amma digərləri yenə qanunsuz işlərini davam etdirirlər. Onların daxilində belə əminlik var ki, məsuliyyətdən yayınacaqlar”.

 Deputat Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təklif verib: 

“Hesablama Palatası auditlər keçirir və qurumlarda olan boşluqlardan sui-istifadə hallarını aşkarlayır. Yaxşı olar ki, bununla bağlı təkliflər hazırlayıb Milli Məclisə təqdim edəsiniz”. 

Vəziyyəti “Sherg.az”a dəyərləndirən AVCİYA-nın Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı ölkəmizdəki problemləri qabartdığı üçün Qüdrət Həsənquliyevə təşəkkürlərini bildirib:

“Təki digər deputatlar da onun kimi fəal olsunlar. Qüdrət bəyin bu cür cəsarətli addım atması problemlərin həllinə kömək edə bilər. Artıq icra başçılarının 3-ü həbs olunub. Əhalidə belə bir fikir formalaşıb ki, icra başçıları ilə bağlı digər rayonlarda da problemlər var. İcra hakimiyyəti sistemində müəyyən problemlər varsa, bunu həll etmək lazımdır”.

M.Zülfüqarlı təklif edib ki, icra başçıları təyin olunmazdan əvvəl dövlət qəbulu imtahanları kimi imtahandan keçsinlər:

“Çünki sonradan məlum olur ki, hansısa icra başçısı 15 ildir, vəzifədədir, amma onun ali təhsili yoxdur. Onlar dövlət qəbuluna işə götürülən insanlar kimi imtahan verməlidirlər. Sonra baxılsın ki, həmin şəxs ictimai rəydə tanınır və müsbət qarşılanırmı? Bu amillər nəzərə alınarsa, gələcəkdə problemlər olmaz”. 

M.Zülfüqarlının fikrincə, keyfiyyəti artırmaq istəyiriksə, həm nazirlərin, həm də icra başçılarının qarşısına müəyyən tələblər qoyulmalıdır:

“Sorğudan əlavə dövlət qəbulu kimi yüksək səviyyədə imtahan götürülməlidir ki, onların savadının hansı səviyyədə olduğu bilinsin. Mən də bəzi icra başçılarını tanıyıram, yoldaşlığım olub, xarici səfərlərə də getmişik. Elə icra başçısı olub ki, oteldəki otağın nömrəsini ingilis dilində deyə bilməyib, fikrini barmaqları ilə izah edib. Belə icra başçıları olduqca çoxdur. Ona görə də onların bir-bir təmizlənib yeni kadların qoyulması yaxşı haldır. Yeni icra başçıları da müvafiq imtahandan keçirilməlidir. İnanıram ki, 1991-1992-ci illərdən-sovet dövründən o qədər saxta diplom alıb vəzifədə olanlar var ki, hətta professor adı alıblar. Ona görə də diplomu bir kənara qoyub, imtahanlar keçirmək lazımdır. Əmin deyiləm ki, təyin olunan icra başçıları müvafiq imtahanlardan keçiblər. Ona görə də gələcəkdə bu məsələlərə mütləq diqqət yetirilməlidir. Əks halda icra başçıları ilə bağlı problemlər bitməyəcək”.