Ağsaqqaldan Liderə: “Bir daha əmin oldum ki, xalqımızın sağlamlığı Sizin üçün hər şeydən önəmlidir”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Yardımlı rayonunun Ostayır kəndindən Ağagül Nəbiyev ölkə liderinə məktubunda bildirir:

 “Hörmətli cənab Prezident, mənim 90 yaşım var. Həyatın hər üzünü görmüşəm. Ulu öndər Heydər Əliyevin dövründə uzun illər məsul vəzifələrdə çalışmışam. O illəri indi də xoş duyğularla xatırlayıram. İndiki koronavirus zamanında xalqımızın sağlamlığı üçün Sizin rəhbərliyinizlə atılan bütün addımları dəstəkləyirəm. Bir daha əmin oldum ki, xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Mehriban xanım Əliyevanın bizim kəndin aztəminatlı ailələrinə göndərdiyi ərzaq yardımı təkcə maddi kömək deyil, həm də onun sübutudur ki, Siz və Mehriban xanım xalqımızın kədərinə də, sevincinə də hər zaman şəriksiniz. Ulu Tanrı birliyimizi, həmrəyliyimizi daha da möhkəm etsin!”.