Növbəti uğurlu kadr seçimi – Yeni baş prokurordan böyük gözləntilər var !

“Dövlət quruculuğunun yeni mərhələsində prokurorluq orqanlarının öz işinin öhdəsindən uğurla gəlməsi çox önəmlidir. Bu, olduqca vacib amildir”

“Belə bir həlledici məqamda prokurorluq sisteminə Kamran Əliyev kimi peşəkar bir şəxsin rəhbərlik etməsi çox önəmlidir”



"Dövlət quruculuğunun bu yeni mərhələsində prokurorluq orqanları öz işinin öhdəsindən uğurla gələcək"

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, bu həftə gündəmə damğasını vuran ən önəmli hadisə sözsüz ki, yeni Baş prokurorun təyin edilməsi məsələsi oldu: 

"Bildiyimiz kimi Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürmüşdü. Milli Məclisin plenar iclasında məsələyə baxıldı və səsverməyə çıxarılaraq yekdilliklə qəbul edildi. Milli Məclisin razılıq verməsindən sonra Prezident İlham Əliyev Kamran Əliyevin respublikamızın Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzaladı".



Ə.Hüseynov vurğulayıb ki, Kamran Əliyev Milli Məclisdə çıxışı zamanı prokurorluq orqanları qarşısında duran ən ümdə vəzifələri öz çıxışında məntiqi ardıcıllıqla qeyd etdi: 

"Baş prokuror dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməsinə toxundu. Eyni zamanda vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsinin zəruriliyini dedi. Həmçinin, həm dövlət, həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinin önəmindən danışdı".
 
DADP sədrinin fikrincə, Kamran Əliyevin bu yanaşması göstərir ki, o, Prezident İlham Əliyevin siyasi iradəsi ilə başladılan və hazırda davam etdirilən islahatlar prosesinin prokurorluq qarşısında olduqca mühüm vəzifələr qoyduğunu tamamilə düzgün dərk edir: 

"K.Əliyev bu məsələlərə kifayət qədər peşəkar yanaşma ortaya qoyur. Dövlət quruculuğunun yeni mərhələsində prokurorluq orqanlarının öz işinin öhdəsindən uğurla gəlməsi çox önəmlidir. Bu, olduqca vacib amildir. Çünki prokurorluq ölkənin digər hüquq-mühafizə qurumları arasında bir növ əlaqələndirici və tənzimləyici rolunu oynayan həlledici təsir gücünə malik instansiyalardan biridir. Odur ki, bir çox məsələlər sonda mütləq gəlib prokurorluğun fəaliyyətində birləşir, təmərküzləşir. İstənilən hüquqi prosesin gedişatı prokurorluğun mövqeyi ilə müəyyən olunur. Bu mənada məhkəmə-hüquq sistemində islahatların bundan sonra da dərinləşdirilməsi bu və ya digər şəkildə məhz prokurorluğun necə fəaliyyət göstərməsindən asılı olacaq. Bax, belə bir həlledici məqamda prokurorluq sisteminə Kamran Əliyev kimi geniş planda düşünməyi bacaran, islahatlar prosesinin vektorlarını düzgün müəyyən edə bilən peşəkar bir şəxsin rəhbərlik etməsi çox önəmlidir. Mən Kamran müəllimi bu yeni vəzifəyə təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və cənab Prezidentin bu seçimini tam dəstəkləyirəm. Bəli, Prezident kifayət qədər uğurlu kadr seçimi edib. Bu doğru fikirdir ki, istənilən islahatların uğuru ilk növbədə uğurlu kadr siyasətindən asılıdır".