Ali Baş Komandana: “İnanırıq ki, Sizin iradənizlə bayrağımız Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaq”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Astaradan Qarabağ qaziləri dövlətimizin başçısına yazırlar:

 “Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaq üçün atdığınız qətiyyətli addımlar biz Qarabağ qazilərini Sizə minnətdarlıq etməyə, böyük sevgimizi bildirməyə sövq etdi. Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz böyük qəhrəmanlıq nümunəsidir. Dünyanın güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, xalqımız və dövlətimiz Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq normal həyatımıza davam edirik. İnanırıq ki, xalqımız bu qorxunc xəstəliyə qalib gələcəkdir. Əslində, Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik. Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə min artır. Cənab Ali Baş Komandan, inanırıq ki, işğal altında olan torpaqlarımız dönməz iradəniz və qətiyyətinizlə tezliklə azad ediləcək, müqəddəs bayrağımız qədim Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaq. Biz qazilər hər an Sizinləyik, Sizin əmrinizə müsəlləh əsgər kimi hazırıq. Allah Sizi və ailənizi qorusun!”.