Dondurmanın ləzzəti qədər təhlükəsi də var – Hansı halda zəhərləyir ? 

“Onun yumşalıb yenidən dondurulması isə çox təhlükəli haldır”

“Dondurmadan zəhərlənmə halları tez-tez baş verir”


Havaların isinməsi ilə dondurma mövsümünə də start verilib. Xüsusilə uşaqlar dondurma yeməyə daha meyillidirlər. Lakin qida sektoru üzrə mütəxəssislər bildirirlər ki, dondurmanın ləzzəti qədər təhlükəsi də ola bilər. Bu, təkcə onun soyuq olması ilə bağlı deyil, digər nüanslar da var.
Ölkəmizdə həm yerli, həm də xarici istehsal olan dondurmalar satılır.

Mağazalarda daha çox Rusiya, Türkiyə və Azərbaycan istehsalı olan dondurma var. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə-istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir. 




Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a açıqlamasında dondurmadan zəhərlənmə hallarının tez-tez baş verdiyini deyib.
Ekspert bildirib ki, dondurmanın temperaturu mənfi dərəcədə olsa belə, o yumşalan bir qidadır. Dondurmanın yumşalıb yenidən dondurulması isə çox təhlükəli haldır:

“Dondurmanın tərkib keyfiyyətini, dad göstəricilərini müəyyənləşdirmək mümkündür. Dondurmanın içində qumlaşmış hissə varsa, yəni yeyilərkən dilin üzərində xırda buz kristalları adama qum kimi təəsürat yaradırsa, həmin dondurma qidalanmaq üçün yararsız hesab olunur. Çünki həmin qum isbat edir ki, dondurma əriyib və yenidən dondurulub. Məlumdur ki, dondurmanın hazırlanması üçün əvvəlcə immulsiya hazırlayırlar və onu imulsiya şəklində donmağa qoyurlar. Məhz bu halda dondurma məhlul şəklində olur, donu açılandan sonra isə onun tərkibindəki su ayrılır. İkinci dəfə yenidən dondurulanda isə kristal şəklində ağızda qum hiss olunur. Bu dondurma birmənalı olaraq istifadə üçün təhlükəlidir.
Dondurmanın digər fiziki-kimyəvi göstəricilərini heç kim-nə mən, nə də dondurma istehsalçıları təyin edə bilər. Çünki bunun üçün mütləq dərin fiziki-kimyəvi laborator müayinələri lazımdır”.

E.Fərzəliyev qeyd edib ki, dondurmanın sensor xüsusiyyətləri var. Hansı ki insanlar bunu dadla, qoxu ilə müəyyən edə bilər:

“Amma fiziki-kimyəvi göstəricilərdə dondurmanın tərkibində baş  verən dəyişiklikləri, insan orqanizminə təsir göstərə biləcək əlavələri bilmək mümkün deyil. Bunlar yalnız dərin fiziki-kimyəvi araşdırmalar nəticəsində məlum olur”.