“Hər günəş eynəyi gözü şüalardan qoruya bilmir”

“Gərək eynəyin şüşələri günəşin müvafiq şüalarını bir filtr kimi süzüb, gözə buraxmasın”

“Paleroid özəllikli günəş eynəkləri gözü şüalardan qoruyur”



Havalar isinəndən günəşə eynək arxasından baxanların da sayı artıb. Kimi gün eynəklərini dəb xatirinə seçir, kimi də gözünün, sağlamlığının qeydinə qalmaq üçün. Amma bəzən özümüz də bilmədən gün eynəklərini aldıqda gözümüzü təhlükə ilə üz-üzə qoymuş oluruq. Söhbət ticarət mərkəzlərində, keçidlərdə, bəzən küçədə belə satılan sertifikatsız, ucuz eynəklərin gözümüzə zərərindən gedir. 

Ucuz və keyfiyyətsiz şüşələrdən, plasmas materiallardan hazırlanan  gün eynəkləri günəş şüasının təsirindən daha tez qızaraq gözə zərər  verir. Bu cür gün eynəkləri gözün sulanmasına, qaşınmasına və digər allergik xəstəliklərə də səbəb olur. 

Cərrah oftalmoloq Səlahəddin Təhməzov “Sherg.az”a açıqlamasında bildirib ki, bütün eynəklər gözü günəş şüalarından qoruma effektinə malik deyil. Oftalmoloqun sözlərinə görə, parlaq, günəşli günlərdə, açıq havada işləyənlər, xüsusilə polislər, hərbçilər, taksi sürücüləri və digər şəxslərin gözlərini günəş zərərlərindən qoruması məsləhətdir:

“Çünki günəş şüalarından qorunmayan gözlərdə “katarakt” və digər göz xəstəlikləri yaranır. Eyni zamanda bu xəstəliklər çox aqressiv gedişatlı olur. Hətta günəş şüaları göz xərçənginin artmasına səbəb ola bilər”. 

Həkim qeyd edib ki, günəş eynəklərinin hamısı eyni görüntüyə malik olsa da, onlar ultrabənövşəyi şüa keçirmə qabiliyyətinə görə fərqli olurlar:

“Hər tünd rəngli günəş eynəyi gözü qoruyur demək deyil. Gərək eynəyin şüşələri günəşin müvafiq şüalarını bir filtr kimi süzüb, gözə buraxmasın. Bütün bunlar eynəklərin istehsalında qeyd olunur”. 

S.Təhməzov onu da söylədi ki, paleroid özəllikli günəş eynəkləri gözü şüalardan qoruyur:

“Gözləri ya paleroid eynəkdən istifadə etməklə, ya da panama, kepka və ya böyük dairəli papaqlar taxaraq günəşdən qorumaq lazımdır”.