Liderə təşəkkür:“Bir daha sübut etdiniz ki, əhalinin sağlamlığı hər şeydən üstündür”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Zərdab rayonunun Şəftəhal kəndindən Cahan Xəlilovanın ölkə liderinə məktubunda deyilir: 

 “Möhtərəm Prezident, mənim 11 övladım, 25 nəvəm, 20 nəticəm, 2 kötücəm var. Həyat yoldaşım Böyük Vətən müharibəsinin iştirakçısı olub, 2004-cü ildə vəfat edib. Ailə vəziyyətimiz çox ağır olub. Ancaq buna baxmayaraq, həmişə xoşbəxt günlərimin qabaqda olacağı ümidi ilə yaşamışam. Bəli, bu gün mən özümü dünyanın ən xoşbəxt analarından biri hesab edirəm. Övladlarım, nəvələrim və nəticələrim dövlət müəssisələrində müəllim, hərbçi, həkim, mühəndis və neftçi işləyirlər. Onlarla fəxr edirəm. Bir qəhrəman ana olaraq, bütün bunlara görə bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə, sabitliyin, əmin-amanlığın qorunmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında həyata keçirdiyiniz və pandemiya ilə əlaqədar görülmüş qabaqlayıcı tədbirlərə görə Sizə minnətdaram.

Siz bir daha sübut etdiniz ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Koronavirusun iqtisadiyyatımıza vurduğu ziyana baxmayaraq, imkansız və aztəminatlı ailələrə edilən yardımlar, verilən sosial müavinətlər, Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə Qələbənin ildönümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi göstərir ki, bu çətin vəziyyətdə də ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq. Əziz Prezidentimiz, müasir müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev, Azərbaycanı sürətlə inkişaf etdirib qabaqcıl ölkəyə çevirən isə Sizsiniz. Ən böyük arzularımdan biri odur ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad edilsin. Əminəm ki, bu işin öhdəsindən də tezliklə gələcəksiniz. Allah Sizi qorusun!”.