Prezidentə təşəkkür: “Xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq böyük bir fəlakətdən qorumaqdasınız”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Əlipaşa Əliyev ölkə başçısına məktubunda vurğulayıb:  

“Hörmətli cənab Prezident, hər şeydən əvvəl şəxsən öz adımdan, bütün yaxınlarımın və Azərbaycan xalqının adından Sizə təşəkkür edirəm. Siz dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq onu böyük bir fəlakətdən qorumaqdasınız. 
İllər keçəcək, amma Sizin bu əvəzsiz xidmətləriniz heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcək. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın çağırışı və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı, Azərbaycanı anarxiyadan, uçurumdan, AXC-Müsavat cütlüyünün qaraguruhundan xilas etdi. Qısa müddət ərzində Odlar Yurdunda tərəqqi, inkişaf başlandı. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir. 
Vaxtilə köməyə ehtiyacı olan Azərbaycan indi özü başqa dövlətlərə kömək edir, yardım göndərir. Bütün bunlar əlbəttə ki, böyük dəyərdir, ölkəmizin gücünün göstəricisidir. Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə bir daha Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram”.