“Sosial məsafə və tibbi maska ən optimal mübarizə formasıdır”


“Bu gün tətbiq olunan sərt qadağalar bəzi vətəndaşlarımızın karantin rejiminə məsuliyyətsiz yanaşmasından irəli gəlir”

“Dövlətin tətbiq etdiyi hər bir qadağa və məhdudiyyət insanların sağlamlığına xidmət edir”



“Vətəndaşlar sosial məsuliyyəti kənara qoyaraq,vəziyyətin ciddiliyini nəzərə almırlar”. 
Bunu “Sherg.az”a açıqlamasında jurnalist Fəridə Ağazadə deyib.
F.Ağazadə bildirib ki, çox təəssüf ki, yoluxanların sayı sağalanlardan çoxdur: 

“Nə qədər çox yoluxma olarsa, o qədər də ölüm sayı artır. Artıq 300-dən çox yoluxma qeydə alınıb.Təsəvvür edin, orta hesabla biz bunu gündəlik 250-dən hesablasaq, bir ay ərzində kifayət qədər çox yoluxma və ölüm sayı olacaq. Pandemiya başlayan vaxtdan Azərbaycan hökuməti kifayət qədər yüksək effektli tədbirlər həyata keçirib. Mart ayında dünya ölkələri pandemiyanı çox ciddi qəbul etmirdilər. Hesab edirdilər ki, bu çox da böyük təhlükə deyil. Ölkəmizdə isə mart ayının 3-də cənab Prezident İlham Əliyevin qərarı ilə ilk dəfə olaraq təhsil müəssisələrinin, uşaq bağçalarının bağlanması virusla mübarizədə ilk addım oldu. Daha sonra mart ayının 14-15-də toy və yas mərasimlərinin, kütləvi xarakter ala biləcək və ictimai-sosiallaşmanın çox olduğu yerlərdə keçiriləcək tədbirlərin hamısının bağlanması prosesi həyata keçirildi. Eyni zamanda iri ticarət mərkəzlərinin bağlanması və mərhələli şəkildə sərtləşdirmə rejimi tətbiq olundu. Pandemiya dünyada öyrənilməyən “gizli düşməndir”. Ona necə təsir etmək, hansı silah ilə vurmaq və necə zərərsizləşdirmək olar, bu, ümumiyyətlə mücərrəd məsələdir. Yəni dünyanın inkişaf etmiş, yüksək səviyyədə tibbi, bioloji, texnoloji cəhətdən yüksək kriteriyalarına malik olan dövlətləri belə, bu gün pandemiyanın qarşısında acizdir”.

Jurnalist qeyd edib ki, hər bir vətəndaş anlamalıdır ki, gündəlik yoluxmaların 200-300 nəfərdən çox olması ölkədə infeksiyanın yayılma sürətini artırır: 

“Dərk etməliyik ki, hər birimizin üzərində vətəndaş məsuliyyəti var. Bu gün tətbiq olunan sərt qadağalar bəzi vətəndaşlarımızın karantin rejiminə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Dövlətin tətbiq etdiyi hər bir qadağa və məhdudiyyət insanların sağlamlığına xidmət edir. Hazırda tətbiq olunmuş iki günlük karantin rejimi koronavirusla mübarizədə uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsinə əsaslanır. Həftə sonları insanlar daha çox ictimai yerlərə üz tuturlar ki, bu da yoluxma riskini artırır. İki günlük özünütəcrid yoluxma sayında müəyyən azalma yaradacaq və nəticəsini 1-2 həftədən sonra müşahidə edəcəyik. Düşünürəm ki, əgər tez bir zamanda sərbəst həyata qayıtmaq istəyiriksə, hamımız bir nəfər kimi bütün tələb və tövsiyyələrə əməl etməliyik. Vətəndaşlar dərk etməlidir ki, pandemiya qorxulu bir tendensiyadır. Bu pandemiyanın hələ vaksini tapılmayıb. Virusdan qorunmaq üçün yeganə vasitə sosial məsafəni qorumaq, tibbi maskalardan istifadə etmək, eləcə də Operativ Qərərgahın tövsiyə və tapşırıqlarını birmənalı olaraq əməl etməkdir. Bu, pandemiya üçün ən optimal mübarizə formasıdır”.