Ölkə liderinə: “Biz Sizinlə güclüyük, möhtərəm Prezident”


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Şirvan şəhərindən İmanverdi İsrafilovun ölkə liderinə məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Siz təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyada hər kəsin sağlamlığını düşünürsünüz. Təsadüfi deyil ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Sizə ünvanladığı məktubda Azərbaycan hökumətinin COVID-19-a qarşı mübarizəsini yüksək qiymətləndirib, Sizin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyinizi nümunəvi adlandırıb.
Cənab Prezident, Vətənimizin daha gözəl və qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması Sizin və Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın gərgin və yorulmaz birgə fəaliyyətinizin əsas məqsədidir. Son illərdə Azərbaycan dövləti Sizin düşünülmüş siyasətiniz və müdrik rəhbərliyiniz sayəsində ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq davamlı inkişaf edir. Əminik ki, bu gün yaşadığımız bu mürəkkəb dövr tezliklə sona çatacaq, Vətənimiz yenə də Sizin rəhbərliyinizlə hər sahədə durmadan irəliləyəcək. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün dillər əzbəridir. Biz isə deyirik: “Biz Sizinlə güclüyük, möhtərəm Prezident”. Sizə xoşbəxtlik, gördüyünüz hər işdə böyük uğurlar və yeni-yeni qələbələr arzulayırıq".