Prezidentə yazırlar: "Yaşasın inamla uğurlara imza atan müstəqil Azərbaycan"

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Siyəzəndən Tamerlan Qurbanov Prezidentə yazır: 

"Hörmətli cənab Prezident, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında imzaladığınız sərəncam Siyəzən rayon ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Bir təhsil işçisi, coğrafiya müəllimi kimi hesab edirəm ki, imzaladığınız bu Sərəncam rayonumuzda həm turizmin coğrafiyasını genişləndirəcək, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir. 2015-ci ildə Sizin iştirakınızla açılışı olan “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından nə qədər mühüm əhəmiyyət daşıdığı və regionumuza gələn turistlərin sayının dəfələrlə artmasına göstərdiyi təsir göz qabağındadır. Əminəm ki, bu Sərəncamın nəticəsi də regionumuzun inkişafına olduqca müsbət təsir göstərəcəkdir. İstər tarixi, istərsə də coğrafi baxımdan mühüm əhəmiyyət kəsb edən "Beşbarmaq dağı" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılacaq işlərə uğurlar arzu edir, bir Siyəzən rayon sakini olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.
Yaşasın inamla uğurlara imza atan müstəqil Azərbaycan".