Həkimlər virusdan qorunmağın ən doğru yolunu GÖSTƏRDİLƏR

Vaqif Qarayev: “Maskalardan istifadə etməklə bərabər əllər tez-tez sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə yuyulmalıdır”

Şahvələd Məmmədov: “İnsanlar məsafə saxlamalı, qoruyucu vasitələrdən istifadə etməlidirlər”


Koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə ciddi addımlar atılır.

Koronavirusdan qorunmağın yolları, tibbi maska və qoruyucu əlcəklərdən nə zaman və necə istifadə etməklə bağlı sosial çarxlar hazırlanıb. Amma bəzən bu sadə qaydalara əməl etməyənlərə də rast gəlinir. Hətta bəzən valideynlər azyaşlıları da qorumaqda laqeydlik edirlər. 
Biz də “Sherg.az” olaraq bu amilləri nəzərə alıb, həkimlərlə əlaqə saxladıq. 



Pediatr Vaqif Qarayev “Sherg.az”a bildirdi ki, virusdan qorunmaq və qarşısını almaq üçün maskalardan istifadə etməklə bərabər əllər tez-tez sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə yuyulmalıdır:

“İnsanlara xəbərdarlıq etməkdən yorulmuşuq. Hələ də virusun olduğuna inanmayanlar var”



Həkim-allerqoloq Şahvələd Məmmədov qeyd edib ki, koronavirus dünyanı bürüyən pandemiyadır:

“Dünyanın əksər ölkələrində virus yayılıb. Böyük Avropa ölkələri pandemiyanın qarşısında acizdirsə, biz kimlərdənsə ağıllı çıxdıq? Xeyr. Koronavirusdan qorunmaq üçün insanlar məsafə saxlamalı, qoruyucu vasitələrdən istifadə etməlidirlər. Virusun müddəti getdikcə uzanır.İnsanlar bir-biri ilə olan təması azaltmalı və maksium dərəcədə ev şəraitində qalmalı,immuniteti artırmalıdırlar.  Valideynlər də övladlarını virusdan qorumalıdırlar. Mümkün qədər uşaqları evdə saxlamaq lazımdır.Bütün tələb olunan karantin və gigiyena qaydalarına ciddi riayət etməklə uşaqları koronavirusdan qorumuş olarıq”.

Fidan Həbibli