Bəhram Bağırzadənin həkimi bu dəfə nikbin danışdı

"Bəhram Bağırzadənin vəziyyətində müəyyən müsbət dinamika qeyd edilir”.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı bildirib. Onun sözlərinə görə, B. Bağırzadənin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.