Professordan Prezidentə təşəkkür: “Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi rəhbəri var” 

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Bakı şəhərinin Nəsimi rayonundan professor Adilə Abasova Prezidentə yazır: 

“Əziz və möhtərəm cənab Prezident, mənə göstərdiyiniz son dərəcə böyük diqqətə və qayğıya görə Sizə minnətdarlığımı ifadə etmək üçün söz tapa bilmirəm. Dövlətimizin yüksək mükafatlarından olan 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim mənə o qədər böyük bir sevinc bəxş edib ki, özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm. Mənim həyatda amalım həmişə Vətənə xidmət olub.

Ötən əsrin 90-cı illərinin əvvəllərində qəlbimin səsini dinləyərək Moskvada elmi fəaliyyətimi, radiasiya problemləri sahəsində araşdırmalar aparan laboratoriya müdiri vəzifəsini tərk edib Azərbaycana dönmüşəm. Ulu öndər Heydər Əliyevin etimadı ilə mənə Azərbaycan Respublikasının Milli Məclisində yüksək vəzifə həvalə edilib.

Taleyimdən çox razıyam ki, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri kimi ölkəmizin qanunvericilik bazasının inkişafında mənim də xidmətlərim olub. Əziz və möhtərəm cənab Prezident, Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi rəhbəri var.

Sizin dərin zəkanız, müdrikliyiniz, alicənablığınız xalqımızın həyatını nurlandırır, onu gözəl gələcəyə aparır. Azərbaycanın işıqlı günləri ulu öndər Heydər Əliyevin davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Allah Sizi və ailənizi Azərbaycanımız üçün qorusun!”.