Ölkə başçısına minnətdarlıq:“Sizə hər zaman böyük ehtiyacımız var, cənab Prezident!”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Hacıqabul rayonunun Kolanı kəndindən Müşfiq Nağıyev ölkə başçısına məktubunda qeyd edir:

“Möhtərəm cənab Prezident, bir gənc müəllim olaraq Azərbaycanın bu günü və sabahı üçün gördüyünüz işləri yaxından izləyir və alqışlayıram. Pandemiya ilə mübarizə sahəsində gördüyünüz işlər göz qabağındadır. Əvvəlki illərdə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxlu sayda tibb ocaqlarının ərsəyə gətirilməsi, modul tipli xəstəxanaların operativ olaraq inşa edilib istifadəyə verilməsi harayımıza yetdi. Belə olmasaydı, xəstəliyə yoluxan insanları yerləşdirməkdə çətinlik çəkər, görülən tədbirlərin səmərəliliyi azalardı. Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan nəinki regionun, hətta dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Bu gün bir çox ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, dünyanın dörd bir yanından insanlar ölkəmizlə yaxından maraqlanırlar. Sizə hər zaman böyük ehtiyacımız var, cənab Prezident!”.