Cəbhə bölgəsindən Ali Baş Komandana: “Tərtərlilər Vətənimizə və Sizə sadiqdirlər”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Tərtər rayonundan Etibar Əhmədov dövlət rəhbərinə məktubunda vurğulayır: 

 “Möhtərəm cənab Prezident, Sizin koronavirus pandemiyasının qarşısının alınması üçün atdığınız qabaqlayıcı addımlar tam əminliklə deməyə əsas verir ki, bu bəladan az itkilərlə çıxacağıq. Cənab Prezident, bizim sağlamlığımızın qeydinə qaldığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Belə bir çətin vaxtda rayonumuza səfər etdiniz, möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Rəmzləri Muzeyinin, Tərtər Elektrik Yarımstansiyasının, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolunun açılışlarını etdiniz. Biz tərtərlilər haqqında dediyiniz “Mən Aprel döyüşlərindən sonra burada olarkən tərtərlilərin mərdliyini bir daha gördüm. Gördüm ki, onlar öz torpağından heç yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpaqlarında möhkəm dayanıblar” sözləri bizim vətəndaş məsuliyyətimizi, vətənpərvərliyimizi daha da artırıb. Cənab Prezident, Tərtər rayonu, onun sakinləri haqqında dediyiniz xoş sözlərə, insanlarımıza verdiyiniz yüksək dəyərə görə Sizə minnətdarıq. Tərtərlilər Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər, Vətənimizə və Sizə sadiqdirlər”.