Prezidentə məktub var: “Ən çətin anımda dövlətin qayğısını hiss etmişəm”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindən Nurəddin Abdullayevin ölkə başçısına məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, mən 1979-cu ildə hemofiliya xəstəliyi ilə dünyaya gəlmişəm. Bu xəstəlik səbəbindən çox ağrı-acılarım olub. Nəticədə 1-ci qrup əlil olmuşam. 2004-cü ildən ailəliyəm, iki övladım var. Bu məktubu Sizə yazmaqda məqsədim dərin minnətdarlıq hissimi bildirməkdir. Mən hər zaman ən çətin anımda dövlətin qayğısını hiss etmişəm. Bunun üçün Sizə və Mehriban xanıma borcluyam. Bu gün istər hemofiliya sahəsində, istərsə də sosial rifahımız üçün imzalanan bir çox sərəncamların bizim həyatımıza təsirini duyuruq. Cənab Prezident, 20 ildən çoxdur ki, reabilitasiya məmulatlarından istifadə edirəm. Hazırkı pandemiya dövründə Protez-Ortopedik Bərpa Mərkəzində zənglərə operativ cavab verilməsi, elektron qaydada sənədlərin qəbulu, ünvanlarda xidmətlərin göstərilməsi, reabilitasiya vasitələrinin yaşayış ünvanlarına gətirilməsi həyata keçirilir. Bu bizə olan diqqət və qayğının təzahürüdür. Bütün bunlar üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri sevindirir. Çox sağ olun”.