"Koronalı" xəstə evindən qaçıb

"Artıq bu insanlara  qadağalar, cərimələr də təsir etmir"


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının  həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib. 

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.  X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilib və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Həkim-allerqoloq  Şahvələd Məmmədovun "Şərq"ə açıqlamasına görə, monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır. Xəstənin tibbi məlumatları ailə, sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti “COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir:

"Koronavirus daşıyıcısı olan bir şəxsin bilərəkdən evi tərk etməsi artıq onun bir vətəndaş olaraq məsuliyyətsizliyinin göstəricisidir. Qəbul olunan qaydalara əməl etmək, verilən tövsiyələrə riayət etmək məcburidir.

Ola bilər ki, həmin xəstənin evi tərk etməsi  onun həyatı üçün təhlükəli deyil, amma  ətrafdakı insanların sağlamlığını riskə atır. Hər kəs bu məsələyə həssas yanaşmalı, ətrafındakıları maarifləndirməklə yanaşı, müvafiq qaydalara əməl olunmasını tələb etməlidir.

İctimai qınaq formalaşmalı, biri digərini tənqid etməyi bacarmalıdır. Bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusla üz-üzə qalmaq təhlükəsi yaşayır.

Buna artıq son qoymalı, özümüzü, həyatımızı, yaxınlarımızı, bütövlükdə cəmiyyətimizi düşünməliyik. Əks halda, daha ciddi problemlə üzləşə bilərik. Koronavirus infeksiyasının lokallaşdırılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hər birimiz həmrəy olub bu təhlükəli infeksiyaya qalib gəlməliyik".

Hələ də ictimai nəqliyyatda, marketlərdə maskanı çənəsində, qolunda gəzdirən insanların olduğuna diqqət çəkən mütəxəssis hesab edir ki, artıq bu insanlara  qadağalar, cərimələr də təsir etmir. Yeganə yol ictimai qınaq mexanizminin güclənməsi və maskasız gəzən insanların ciddi qınaq obyektinə tutulmasıdır".