"Çimərliyə kütləvi axın olacağını gözləmirəm"

Həkim:"Bədəndən ayrılan dəniz suyu damcılarının yoluxma mənbəyi olma ehtimalı azdır"

"Sən saydığını say, gör camaat nə sayır"

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı sıçrayışlı artım sözün əsl mənasında həyəcan təbilidir. Nəticələr göstərir ki, bu artım davam edəcək. Yoluxmanın əsas mənbələrindən biri də çimərliklərdir. Bu fikirləri türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək ifadə edib.

Çimərliklərdə sosial məsafənin qorunması və maska taxmağın mümkünsüz olduğunu diqqətə çatdıran professor deyib: “Zənnimcə, Ümumdünya Səhiyyə Təşkilatı ən qısa zamanda çimərliklər üçün xüsusi bir tövsiyə hazırlamalıdır. Maska ilə suya girmək mümkünsüzdür. İnsanlar heç bir halda belə etmirlər. Digər tərəfdən çimərlik sahilləri daim küləklidir.

Həzin meh belə nəfəs yollarında ayrılan virusu sürətlə ətrafa yayır. Xəstə insanların bədənindən ayrılan su damcıları yoluxma mənbəyidir. Bu məkanda yoluxma riskini artıran bir neçə ciddi məqam var. Bütün bunlar deməyə əsas verir ki, çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir”.

Həkim-revmatoloq İlqar Məmmədov isə məsələyə bir qədər fərqli yanaşır. O hesab edir ki, çimərliklərdə dəniz küləyinin virusun yayılmasında elə də nəzərəçarpacaq rolu olmayacaq:

“Əvvəlki ÜST-nin tövsiyələrində dəniz kənarında təmiz havada gəzmək öz əksini tapıb. Çimərliklərdə əhəmiyyətli toplu insan kütləsi olmadıqca, öskürən zaman damcı şəklində xəstəliyin küləklə yayılma halları elə də əsas amil olmayacaq. Həmçinin bədəndən ayrılan dəniz suyu damcılarının da yoluxma mənbəyi olma ehtimalı azdır, çünki virusun yaşama yeri canlı orqanizmdir, yəni insan bədənidir. Nəzərə alsaq ki, artıq insanların psixologiyası çox dəyişib.

Neçə aylardır ki, onlar ev şəraitində yaşamağa uyğunlaşıblar. Məhz buna görə də çimərliklərə kütləvi axının olacağına inanmıram. Əgər olarsa, bu zaman yoluxma riskinin artması üçün ciddi məqamlar olacaq. Məsələn, maska ilə dənizə girib çimmək mümkünsüzdür.

Təbii ki, suya daxil olanlar arasında virus daşıyıcıları olacaq ki, onlar da kütləvi yoluxmanı artıracaq. Tövsiyə edərdim ki, insanlar çimərliklərdə məsafə saxlasınlar. Çimərliklərə toplu halda getmək, yəni yaxınlarla, tanışlarla mümkün olduğu hallarda 3-4 nəfərdən artıq olmayaraq insanların bir yerdə çimərliyə getmələri məsləhətdir”.

İ.Məmmədov ölkəmizdə çimərliklərin açılmasının yoluxma sayına ciddi təsir etməyəcəyini düşünür:

“Çimərliklərin açılması əslində bir qədər gecikmiş qərar idi. Pandemiya dövründə bir sıra ciddi profilaktik tədbirlər görüldü və bu da yoluxmanın azalması ilə bağlı öz müsbət təsirini göstərdi. Çimərliklərin avqust ayında deyil, iyulun axırlarında açılması daha məqsədəuyğun idi. Çünki yoluxma halları artıq azalmağa doğru gedirdi. İnanmıram ki, çimərliklərə axın güclü olacaq.

Birincisi, havalar get-gedə sərinləşir. İkincisi, insanlar getsələr belə, günəş şüasının və qum vannalarının effektiv təsiri üçün müalicə müddəti yetərli olmayacaq.

Bildiyimiz kimi, bu kimi müalicə əhəmiyyətli vannalar degenerativ pozğunluqlu revmatizmal xəstələrdə zədələnmiş oynaqların qığırdaq toxumasında qan dövranını, qığırdaq toxumasının bərpasını sürətləndirir. Bir də nəzərə almaq lazımdır ki, ev şəraitindən çimərliyə getmək hələ də uyğunlaşmamış orqanizmə əlavə fəsadlar verə bilər.

Bunun üçün günəş və qum vannalarını gün ərzində səhər saat 11-ə kimi, axşam saat 4-dən sonra və başlanğıcda 10-15 dəqiqə olmaqla qəbul etmələri məqsədəuyğundur. Bundan başqa vətəndaşlarımıza məsləhət görərdim ki, mövsümdən istifadə edərək meyvə və tərəvəzlərdən bol istifadə etsinlər.

Bu orqanizmin xüsusən də revmatizmal xəstəlikləri olan insanların orqanizminin möhkəmlənməsinə yardımçı olar. Nəzərə alsaq ki, payız-qış aylarında virusun yayılmasında artma müşahidə edilə bilər, bu hal önəmlidir”.

Aynurə Pənahqızı