Təhsil haqlarına 50 faiz güzəşt olmalıdır

İndi insanların aldığı əmək haqları yalnız çörəyə, spirtə, maskaya çatır

Hər bir vətəndaşın maddi durumu ciddi şəkildə araşdırılmalı, düzgün qərarlar verilməlidir


Dünyada yayılan koronavirus pandemiyası bütün ölkələr kimi Azərbaycan üçün də təsirsiz ötüşmədi. Bir sıra müəssisələrin bağlanması, insanların işlərindən azad olunması ciddi maliyyə problemləri yaratdı. Xüsusilə də aztəminatlı ailələrin büdcələrində kəskin azalmalar oldu. Bu səbəbdən Azərbaycanda təhsil haqlarını ödəməkdə çətinlik çəkənlərin sayı da xeyli artdı. Maraqlıdır ki, bütün bu problemlərin həll olunması üçün ölkədə hansı tədbirlərin görülməsi zəruridir?

Təhsil eksperti Məlahət Mürşüdlü “Şərq”ə açıqlamasında bütün hallarda, ödənişli ixtisaslarda təhsil alan tələbələrə təhsil haqqı ilə bağlı müəyyən güzəştlərin tətbiq olunmasının vacib olduğunu qeyd edib:

“Məlumdur ki, pandemiya səbəbindən bir çox ailələrdə ciddi maddi problemlər yaşandı. Hesab edirəm ki, belə vəziyyətdə aztəminatlı insanlar təhsil haqlarından tam şəkildə azad olunmalıdır. Çünki pandemiyanın nə qədər davam edəcəyini və ya etməyəcəyini heç kim dəqiq deyə bilməz.

Kim deyə bilər ki, gələn il pandemiya olmayacaq? İndi əsas diqqət yetirilməli olan məqam yaranmış vəziyyətlə bağlı çıxış yolunun tapılmasıdır. Ölkə qanunumuzda qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı təhsil almaq hüququna malikdir. Bu səbəbdən dövlət müəssisələrində təhsil haqları ya 50 faiz, ya da ki, tam ödənişsiz olmalıdır. İndiki vəziyyətdə bu addım mütləq atılmalıdır”.

Ekspert qeyd edib ki, bu güzəştlər hər kəsə şamil edilməməlidir:

“Maddi durumu yaxşı olan ailələrimiz də var. Bu güzəştlər əsasən ailə başçısını, işini itirmiş insanlara şamil olunmalıdır. Bir sıra kənd yerlərində yaşayan ailələr var ki, bu gün onların vəziyyəti həqiqətən acınacaqlıdır. Gəlirlərin azalması, istehsal prosesinin dayanması, işçilərin əmək haqqı ala bilməməsi onların durumunu çıxılmaz vəziyyətə qoyub. İndi insanların aldığı əmək haqları yalnız çörəyə, spirtə, maskaya çatır. Onlardan təhsil haqqını ödəmələrini gözləmək düzgün deyil. Hər şeyi dövlətdən ummaq da yanlışdır. Bu məsələləri təhsil müəssisələri özləri öz daxilində həll edə bilər. Hər bir vətəndaşın maddi durumu ciddi şəkildə araşdırılmalı, düzgün qərarlar verilməlidir”.

Aynurə Pənahqız