Burada qanundankənar bir hal yoxdur

"Küçənin general Polad Həşimov adlandırılması daha məqsədəuyğun olardı"


Prezidentin tapşırığına əsasən Qəbələ şəhərində küçələrin birinə Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimovun adı verilib.
Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri artıq hazırlanaraq Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə vurulub. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Lakin ölkə ictimaiyyəti  lövhənin üzərində Polad Həşimov küçəsi yazılmasına etiraz edib.  Hesab edirlər  ki, küçənin adının  General Polad Həşimov küçəsi  kimi  adlandırılması daha düzgün olardı.



Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri  Sahib Məmmədov əvvəla  sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılmasına toxunub.

Onun sözlərinə görə, şəhid general Polad Həşimov adına verilən küçə ilə bağlı şayiələr yayıb, bu məsələyə milli don geyindirməyə cəhd edən saxtakarlar şəhid adı ilə manipulyasiya edirlər: "Hansı ki, generalımızın adı verilən küçə bu günə qədər nə Həzi Aslanov, nə də İsmayıl bəy Qutqaşınlı adını daşıyıb. Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Küçənin başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Konkret olaraq sizin qaldırdığınız məsələyə gəldikdə isə ictimaiyyətin narazılığını haqlı hesab edirəm və doğrudan da burada mübahisəyə yer var. Düzdür,  küçənin adını əks etdirən lövhədə  sadəcə Polad Həşimov adının əks  olunmasında qanuni baxımdan bir qüsur yoxdur. Amma küçənin  General Polad Həşimov adlandırılması daha məqsədəuyğun olardı. Burada qanundankənar bir hal yoxdur. Hətta bu praktikadan ölkəmizdə və dünyada geniş istifadə olunur. Rusiyanın özündə   "Admiral Naximov", "Marşal Jukov" adında küçələr var. Eyni ilə də digər ölkələrdə bu cür küçə adları var. Amma hansısa yüksək rütbəli şəxsin sadəcə adı ilə adlandırılan küçələr də var.

Bu da təbii ki, həmin şəxsin  məşhurluğu ilə əlaqəlidir ki, yəni artıq həmin şəxsin ictimaiyyətdə təqdimatına ehtiyac görülmür. Məsələn, Həzi Aslanovun kimliyi bütün nəsillərə bəlli olduğundan onun adına olan küçə elə Həzi Aslanov kimi qeyd olunur. Amma elə şəxslər var ki, nəsil dəyişəndə artıq onun adı unudulur, onun kimliyi gənclərə məlum olmur. 

Ona görə də ya həmin lövhə dəyişdirilərək General Polad Həşimov  formasında hazırlanmalı, ya da həmin küçənin girişinə və ya ən görkəmli hissəsində   şəhid generalımızla bağlı məlumatları özündə əks etdirən barelyefi qoyula bilər.

Qəbələ turizm bölgəsi olduğu üçün bu cür barelyefin olması ölkəmizə gələn əcnəbi turistlərin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması üçün də faydalı olar. Həmin küçədən keçən xarici artıq biləcək ki,  Ermənistanın  Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatın qarşısı alınan zaman ordumuzun generalı əsgərlərlə çiyin-çiyinə döyüşüb və qəhrəmancasına şəhid olub".