Akademik bir toyun xırda adamları: Qanun hamı üçündür

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən tədbirlərdən biri də toy mərasimləridir. Artıq 5 aydan çoxdur ki, bu qadağa qüvvədədir. Heç kimə sirr deyil ki, hazırda Azərbaycanda minlərlə gənc bu qadağanın ləğv olunacağı günü səbirsizliklə gözləyir. Onlar aylardır qurduqları evlilik xəyallarını gerçəkləşdirə bilmirlər.

Düzdür, avqustun 5-dən ölkədə pandemiya ilə bağlı bəzi yumşalmalara gedilsə də, amma ölkədə karantin rejimi davam edir. Bu isə o deməkdir ki, toylara qadağa hələ də qüvvədədir.

Elə yas mərasiminin keçirilməsi də bu qəbildəndir. Ölkədə yaxın ailə üzvlərinin dəfndə iştirakından başqa heç bir yas mərasiminin keçirilməsinə icazə yoxdur. Ehsan verilməsi və müxtəlif günlərin qeyd edilməsi qadağandır.

Dəfələrlə həm Bakıda, həm də rayonlarda yerli icra məmurlarının, polisin karantin qaydalarını pozaraq yas mərasimlərinin keçirilməsinə müdaxiləsinin şahidi olmuşuq.

Hətta Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun yas mərasiminə gəlib, bir az aşırı emosiya ilə soruşduğu ritorik suallar xeyli müddət sosial şəbəkələrdə dolaşmışdı. İcra başçısı sualların arasını kəsməmişdi: "Bu nə məsələdi ki?", "Nədən belə eləyirsiz ki?", "Niyə belə olmalıdı ki?"...

Yeri gəlmişkən, karantin rejimi dövründə Azərbaycanda aralarında deputat, xalq artisti olmaqla bir neçə məşhur şəxs vəfat etdi. Onların yalnız dəfnində, özü də təkcə ailə üzvlərinin iştirak etdi, başqa heç bir dini mərasim keçirilmədi.

Söhbət həm də ad günləri, nişan mərasimləri, xınayaxdı kimi şadyana mahiyyətli tədbirlərdən də gedir. Pandemiya dövründə bu kimi mərasimlərin keçirildiyi barədə məlumatlara demək olar ki, hər gün rast gəlirik.

DİN-nin özü hər gün bu və ya digər rayonda karantin rejiminin pozanlarla bağlı xəbərlər yayır. Polis tərəfindən haqlı olaraq istər yas, istərsə də digər mərasimlərin keçirilməsinə müdaxilə olunur. Cərimə və digər inzibati cəzalar tətbiq edilir.

Bu günlər sosial şəbəkələrin əsas mövzularından biri də məşhur toy mərasimləridir. Müxtəlif müzakirələrə və diskussiyaya yol açan bu mərasimlərdən birinin AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsi, digərinin isə YAP-çı Hadı Rəcəblinin ailə üzvü üçün keçirilməsi, xeyli tanınmış və vəzifəli şəxsin də bu mərasimlərdə iştirakı barədə fotolar, video görüntülər var.

Düzdür, Bakı polisindən həmin toy mərasimiylə bağlı durumun araşdırılacağı bildirildi. Amma bu araşdırma öz yerində, çoxluğu bir məqam düşündürür.

Düzdür, adıgedən toy məclisi hansısa restoran və şadlıq evində deyil, şəxsi mənzildə keçirilib. Amma söhbət ondan gedir ki, bu və ya digər bölgədə keçirilən yas və ya şadlıq mərasimləri də elə həmin şəxslərin həyətyanı sahələrində keçirilirdi. Nədən həmin mərasimlərə müdaxilə edilirdi?
Niyə hamıya "evdə qal" deyən, qaydaların sərtləşməsini tələb edənlər özləri qaydaları pozur? Axı bu məsələnin həm də mənəvi məsuliyyəti var...
Suallar çoxdu. Alimpaşa müəllim demiş, "Bu nə məsələdi ki?", "Nədən belə eləyirsiz ki?", "Niyə belə olmalıdı ki?"...

S.Məmmədov