Polad Həşimova həsr edilən “Polad Generalımız” adlı kitabın təqdimatı olub


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin avqustun 22-də vətənpərvərlik mövzusunda təşkil etdiyi virtual tədbirin qonağı Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA İncəsənət İnstitutunun kino, televiziya, teatr şöbəsinin böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə Eldarqızı olub.

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı ilk olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan Şəhidlərin xatirəsinə dərin ehtiram hissləri ifadə olunub. Ermənistan-Azərbaycan sərhəd xəttinin Tovuz rayonu ərazisində erməni təxribatının qarşısının alınmasında gedən ağır döyüşlərdə Azərbaycan tarixinin ən yeni səhifəsini öz qanları, canları ilə yazan qəhrəman Vətən oğullarından danışılıb, müdafiənin ön xəttində Şəhid olan general-mayor Polad Həşimova həsr edilən “Polad Generalımız” adlı kitabın təqdimatı baş tutub.

Qeyd edək ki, kitabda milyonlarla insanın qəlbində özünə əbədi taxt quran general-mayor Polad Həşimovun gələcək nəsillərə örnək olacaq mükəmməl həyat yolu haqqında məlumat verilib, daim əsgərlərinə və zabitlərinə göstərdiyi diqqət və qayğı ilə dolu çox dəyərli xatirələr toplanıb. Əsgərlərinə doğma övladı kimi münasibət göstərən Polad Həşimovu bizlərə və gələcək nəsillərə daha yaxından tanıdan həmin xatirələrdən bir neçəsini Zülfiyyə Eldarqızı izləyicilərin nəzərinə çatdırıb, qələbə ruhlu şeirlər səsləndirib.