İndi günah sərnişindədir ! – “Sürücünü döyənə ağır cəza verilə bilər!”

“Görünür, həmin adam avtobusda olan qadınlara özünü göstərmək istəyib”

“Lakin sonrakı videoda göründü ki, bu adam mahiyyətcə cılız və zəif insandır”

“Baş verən hadisədə sürücünün yeganə səhvi yüksək səslə danışıb, sərnişinə “sən”deyə müraciət etməsidir”



Bakıda maska taxmaqdan imtina edən sərnişin sürücünü döyüb. Hadisə 113 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib. Baş verənlərlə bağlı video görüntülər də yayılıb.

Avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Lakin sərnişin buna əməl etməkdən boyun qaçırıb. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.

Sərnişinin şəxsiyyətinin müəyyən olunub. Törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub. Sərnişin sürücünü vuraraq qaydaları pozduğu üçün üzr istəyib

Karantin qaydalarına görə, ictimai nəqliyyatda tibbi maskadan istifadə mütləq şərtlərdən biridir. Vətəndaşlar bəzən bu tələbə əməl etməkdən boyun qaçırırlar. 



Hadisəni dəyərləndirən “Avtosfer.az”saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, baş verənlər ilk növbədə ictimai davranış qaydaları ilə bağlıdır. Onun sözlərinə görə, vətəndaş ictimai nəqliyyatda davranış qaydalarını kobud şəkildə pozmaqla cəmiyyətdə necə insan olduğunu göstərmiş olur:

“Sərnişinə elementar qaydada irad bildirilir ki, maskadan istifadə etsin. Düzdür, sürücünün danışıq tonu bir az yüksəkdir. Amma istənilən halda digər sərnişinlər də həmin şəxsə irad bildirməlidirlər.

Görünür, həmin adam avtobusda olan qadınlara özünü göstərmək istəyib. Lakin sonrakı videoda göründü ki, bu adam mahiyyətcə cılız və zəif insandır.

Hüquqi cəhətdən yanaşsaq, həmin şəxsə daha ağır cəza verilə bilər. Peşiman olub, üzr istəyib deyə yüngül cəza verilib. Belə vətəndaşları cinayət məsuliyyətində ağır cəzalandırırlar.

Ekspert bildirib ki, bu cür neqativ halların aşkar edilməsi üçün avtobuslarda kameraların olması yaxşı haldır:

“Artıq  bir neçə ildir, avtobuslarda kameraların quraşdırılmasına başlanılıb. Düzdür, yeni avtobusların hamısına kamera var. Lakin əvvəlki zamanlardan qalan köhnə ictimai nəqliyyatlarda kameralar yoxdur. Həmin avtobusların da kameralarla təchiz edilməsi vacibdir. Bəzi şirkətlər buna əməl etsə də, bir çoxları kameranı quraşdırmır. O qədər seksual manyaklar var ki, avtobusda qadınlara qarşı nalayiq hərəkətlər edirlər. Çox vaxt oğurluq halları baş verir. Bu şəxsləri təyin etmək üçün kameralar vacibdir”.



E.Muradlı xüsusilə vurğulayıb ki, ictimai nəqliyyatda davranış qaydaları geniş şəkildə təbliğ olunmalıdır:

“Baş verən hadisədə sürücünün o qədər də kobud səhvi yoxdur. Onun yeganə səhvi yüksək səslə danışıb, sərnişinə “sən”deyə müraciət etməsidir”.