Azərbaycan əsgərinin geyimi indi dünyanın ən gözəl formasıdır



Müharibə başladığı gündən hamı bir nəfər kimi eyni mövzuya yönəlib: Vətən savaşı.  Hər kəsin amalı, arzusu birdir. Ona görədir ki, incəsənət adamları da milli ruhlu işlər görür, layihələr hazırlayırlar. Onların içərisində rəğbətlə qarşılanan, təqdir toplayanlar var. Lakin vətənpərvərlik mövzusunu şit, bayağı, ucuz formada təqdim edənlər də az deyil. 

Bəli, söhbət şou-biznes nümayəndələrinin kliplərindən, fotosessiyalarından gedir. Dəfələrlə həmin işlərdəki hərbi səhvlər barədə yazmışıq. Lakin onlar bir yana, əsgərlərimizin şərəfli formasına sayğıyla, hörmətlə yanaşmayanlar da var. Kimisi rütbələri səhv taxır, kimisi isə kamuflyaj paltarı açıq-saçıq şəkildə geyinir. 

Bəs,  igidlərimizin şərəflə daşıdıqları o müqəddəs formaya bu ucuz yanaşma nəvaxtadək davam edəcək?

“Sherg.az”ın suallarını cavablandıran Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı məsələ ilə bağlı bunları söyləyib: 

“Bu barədə heç düşünməmişəm. Çünki indi müharibədir. Əsl hərbiçilərlə, köhnə qazilərlə, indiki dövrün döyüşçülərini bir-birindən ayırmaq son dərəcə çətindir. Cəmiyyətdə  savaş ab-havası var. Hər kəs, hətta xanımlar, qızlar da öz yaraşıqlı geyimlərini kənara qoyub, hərbi forma geyinmək istəyirlər.

Bu, əhval-ruhiyə, ovqatdır. Qarşısını almaq çətindir. Amma həmin geyimə layiq olmayan, yaxud ondan süni, reklam üçün istifadə edən adamlar var. Onları da təbii ki, cəmiyyət qəbul eləmir, qınayır.

İnşallah, müharibədən sonra intizam yaranar. Hər halda  Azərbaycan əsgərinin geyimi mənim gözümdə dünyanın ən ədəblisi, ən gözəlidir. O formanı ancaq ona layiq olan adamlar geyinməlidir”.