Kulturoloqdan XƏBƏRDARLIQ ! - "TikTok" sərhədləri aşacaq” - Nəzarət olunsun!  

“Və insanlara daha çox mənfi təsir göstərəcək” 


"Tik Tok" Çin tərəfindən yaradılan və dünyada inanılmaz sürətlə böyüyən sosial media platformasıdır. “Appstore”da  yüklənmə rekordu qıran platforma bir milyarddan çox aktiv istifadəçiyə sahibdir. Bu rəqəmlər dünya əhalisinin əksəriyyətinin həmin sosial şəbəkədən istifadə etdiyinin sübutudur. Amma "Tik Tok" a münasibət birmənalı deyil. Kimi hesab edir ki, onun zərərli çoxdur, kimi isə əksini düşünür. Bu sosial platformanın çox əyləncəli olduğunu iddia edir.

İnsanların çoxu bundan sosial şəbəkələrdə məşhurlaşmaq üçün istifadə edir. "Tik Tok" da həmin sosial şəbəkələrdən biridir. Lakin heç kim bu tətbiqin necə və nə dərəcədə ziyan verə biləcəyini fikirləşmir. Əlbəttə, hər bir sosial şəbəkənin həm mənfi, həm də müsbət cəhətləri olur. Sözügedən şəbəkənin  istifadəçilərinin sayını nəzərə alsaq, onun mənfi cəhətlərinin olması daha çox insana zərər vura bilər.

Bu yaxınlarda Hindistan rəhbərliyi "TikTok" u casusluqda günahlandıraraq, həmin tətbiqdən istifadəni ölkə ərazisində qadağan edib. Buna səbəb olaraq suverenliyi və təhlükəsizliyi əsas göstərən Hindistanın ardınca ABŞ prezidenti Donald Tramp da ölkəsində həmin sosial şəbəkədən istifadəni məhdudlaşdırmaq, hətta qadağan etmək qərarını təsdiqləyib.

Bəs ölkəmizdə "TikTok"la bağlı vəziyyət necədir? 

Digər ölkələrdə olduğu kimi Azərbaycanda da məşhurlaşmaq sevdasına düşən kütlə sayəsində bu tətbiq olduqca geniş yayılıb. Ölkəmizdə insanların əksəriyyəti burada bayağı olan videolar çəkməklə "məşhurlaşır".  Amma bu o demək deyil ki, həmin sosial şəbəkənin yalnız mənfi cəhətləri var. Yerində və düzgün istifadə etdikdə o heç kimə ziyan vurmur. 



Məlum mövzu haqqında "Sherg.az"la fikirlərini bölüşən yazıçı-kulturoloq Aydınxan Əbilovun sözlərinə görə, insanlar "TikTok"u pisləməsə, gənclərə nəzarət eləməsə, daxil olub monitorinq aparmasa bu sosial şəbəkə öz sərhədlərini aşacaq və insanlara daha çox mənfi təsir göstərəcək: 

"Bildiyimiz kimi dünyada müxtəlif yeniliklər ani olaraq  yaranır və internet vasitəsilə hər yerə yayılır. Sosial platformalar, yeni sosial şəbəkələr, İKT alətləri, mexanizmləri hər altı aydan bir yeniliklərə insanların qarşısına çıxır. Həmçinin burada baş verən çox maraqlı, mürəkkəb hadisələr yeni nəsil üç ildən bir yeni bir sosial platforma yaratmağa, ya da orda yığışmağa təkan verir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da orta nəsil və yuxarı nəsil vaxtilə bloqlardan, veb-saytlardan istifadə edirdi. Sonralar onların yerini “Facebook”, “İnstagram”, “Twitter” kimi yeni sosial şəbəkələr tutdu. Hazırda isə yeni nəslin istifadə etdiyi və gənclər arasında  məşhur olan, geniş yayılmış sosial şəbəkələr sırasında  "TikTok" platforması digərlərini üstələyir. Çinli gənclər tərəfindən yaradılan "Tik Tok" digər sosial platformaları kölgədə qoyaraq sürətlə inkişaf etməyə başladı.

Yeniyetməlik dinamika və hərəkət deməkdir. Bu isə həmişə insanların marağına səbəb olub. Gənclərin özlərini başqalarına, xüsusən də yaşlı nəslə sübut etmək üçün bacarıqlarını çəkib bura yerləşdirməsi də " Tik Tok" un qısa bir zamanda məşhurlaşmasına səbəb olub”.

Kulturoloq əlavə edib ki, digər sosial şəbəkələrdə olduğu kimi "Tik Tok"un da mənfi və müsbət təsirləri var:

“Lakin müsbət təsirləri daha çoxdur. Azərbaycan seqmentinə nəzər salanda "Tik Tok" un mənfi cəhətlərindən ən önəmlisi burada ciddiyyətin çatışmamasıdır. Lakin 27 sentyabrdan bu yana həm yeniyetmələr, həm gənclər, həm də orta yaşlı insanlar Azərbaycan həqiqətlərini, Qarabağ müharibəsinə aid olan faktları dünyaya çatdırmağa başladılar. Buna görə hətta Ermənistan rəhbərliyi ölkədə "Tik Tok" u qadağan etdi. Səbəb isə erməni gənclərinin bu həqiqətləri öyrənməsi idi. Onlar elə hesab edirdi ki, azərbaycanlı tiktokerlər erməni gənclərinin beynini yuyur.
Təkcə "TikTok" deyil, ümumiyyətlə internetdə çox vaxt keçirmək insan sağlamlığı üçün zərərlidir. Bu hal insanı depressiyaya sala bilər, insanlardan uzaqlaşdıra bilər”.

Aytac Ali