"Taksi avtobus deyil, cənablar"- Etiraz ! 

Elməddin Muradlı: “Bu xidmətdən eyni vaxtda ən çox ailə üzvləri istifadə edir”

“Əgər onlar evdə birlikdədirlərsə, taksidə gedəndə də məhdudiyyət olmamalıdır"

Həsrət Rüstəmov: "Əsasən ictimai nəqliyyat təhlükəlidir, taksi xidmətlərində yoluxma riski yüksək deyil.

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan da öz növbəsində yoluxma statistikasının azalması, insanların sağlamlığının qorunması üçün karantin qaydalarını sərtləşdirir.
Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra həftə sonu taksi xidmətinin də işləməyəcəyinə dair iddialar yayıldı. Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında bu fikirləri yalanladı:

"Həftəsonu yalnız lisenziyası olan şəxslər və şirkətlər taksi fəaliyyəti ilə məşğul ola biləcək. Rəsmi icazəsi olmayan şirkətlər isə həftəsonu fəaliyyət göstərə bilməzlər”.

Bəziləri hesab edir ki, rəsmi icazəsi olmayan şirkətlərin həftəsonu fəaliyyət göstərə bilməməsi də vətəndaşlar üçün müəyyən çətinlik
yaradacaq.



Bu barədə "Sherg.az"a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu qərar məntiqsizdir və əhalini ciddi şəkildə narahat edir:

"Bu qərarı qəbul edənlər anlamalıdırlar ki, fəaliyyətinə icazə verilən - jurnalistlər, hərbçilər,kommunal təsərrüfat işçiləri, prokurorluq və digər sahələrin işçiləri hamısı fərdi nəqliyyata sahib deyil.

Güman ki, qərar son anda kağıza əlavə olunub, yaxud da hansısa imkanlı şəxsin qərarıdır ki, onun qapısında 3-4 avtomobil dayanıb, bu sahədə heç bir problemi yoxdur. Yəqin ki, bu qərara düzəliş ediləcək. Müəssisələrin hamısının imkanı varmı ki, işçiləri rahat nəqliyyatla təmin etsin? Belə bir imkan yoxdur və real deyil.

Ümumiyyətlə, taksiyə ciddi nəzarət edilərsə, bu xidmət növü koronavirusun yayılması üçün mənbə ola bilməz. Müvafiq olaraq, şəffaf arakəsmələr qoyularsa, dezinfeksiya işləri mütəmadi aparılarsa, heç bir problem yaranmaz. Taksi avtobus deyil ki, hamı sıxlaşsın. Bu xidmətdən eyni vaxtda ən çox ailə üzvləri istifadə edir. Əgər onlar evdə birlikdədirlərsə, taksidə gedəndə də məhdudiyyət olmamalıdır".



Azərbaycan Demokrat Partiyasının keçmiş müavini, həkim Həsrət Rüstəmov verilən qərarın doğru olmadığını hesab edir:

"Əsasən ictimai nəqliyyat təhlükəlidir, taksi xidmətlərində yoluxma riski yüksək deyil. Belə bir qayda müəyyənləşdirə bilərdilər ki, sürücü ilə sərnişin arasında izolyasiya təbəqəsi çəkilsin, yaxud qarşıda əyləşmək qadağan edilsin.

Bu cür qərarlar praktik olaraq uyğunlaşmayanda dəyişiklik etmək olar. İnsanların küçəyə çıxmasını qadağan etmək, yanlışdır. Lakin qapalı yerlərdə toplaşmaq qadağan olunmalıdır. Açıq havada maska taxmaq zərurətini də yanlış hesab edirəm. Tutaq ki, aksiya keçirilir, açıq hava olmasına baxmayaraq, insanlar arasında sosial məsafə gözlənilmir.

Bu halda maskadan istifadə etmək zəruridir. Əgər bir nəfər bulvarda tək gəzirsə, niyə maska taxmalıdır ki?! Yoluxma insandan insana keçir, havada virus gəlib insana keçə bilmir. Canlı təmas əhəmiyyət daşıyır".

Aygün Mustafayeva