Keçmiş deputatdan AKSİYA !- Xaricdəki soydaşlarımızın hüquqları müdafiə olunacaq

“Məqsəd Rusiya ərazisində yol hadisəsi nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının haqqını Rusiyada bərpa etməkdir”

“Eyni zamanda kompensasiyanı da alıb mərhumun varislərinə çatdıracağıq"

“İctimaiyyətimizdən, oxuculardan da xahiş edirəm ki, belə adamların tapılmasında bizə yardımçı olsunlar”


“Bizim yaratdığımız "Bəydəmirli Xeyriyyə Fondu" bu gündən bir aksiyaya start verir. Məqsəd Rusiya ərazisində yol hadisəsi nəticəsində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşlarının haqqını Rusiyada bərpa etmək və kompensasiyanı alıb varislərinə çatdırmaqdır.”
Bu sözləri keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli özünün “Facebook” hesabında yazıb. O, bildirib ki, həmin şəxslərə təmannasız yardımçı olmağa hazırdır:
 
“Belə hadisələr nəticəsində qohumunu itirmiş şəxslər mənə birbaşa müraciət etsinlər və biz təmənnasız onlara haqqlarına qovuşmalarını təmin edək...İndi 3 nəfərin adını yazıram, bunları tanıyanlar varsa əlaqə yaratmalarını xahiş edirəm”.

Təşəbbüs barədə daha ətraflı “Sherg.az”a danışan N.Bəydəmirli ideyanın necə yaranmasından söz açdı: 

“Məlum olduğu kimi, hər Rusiyaya Azərbaycandan  xeyli sayda soydaşımız iş tapmaq ümidi ilə gedir. Yəni onlar işçi-miqrant kimi yaşayırlar. Şimal qonşumuzda təxminən iki milyona yaxın azərbaycanlı yaşayır.

Hər il onların müəyyən hissəsi bu və ya digər səbəbdən, o cümlədən avtomobil qəzaları ucbatından vəfat edirlər. Belə hadisələr tez-tez olur. Hətta bəzən mikroavtobus qəzaya uğrayır və nəticədə 4-5 adam eyni anda dünyasını dəyişir. Ardınca varisləri kompensasiya məsələsini qaldırırlar.

Bizim orada yaşayan, hazırda hüquq firmalarından birinin rəhbəri kimi çalışan bir soydaşımız  məhz bu işlərlə, yəni sığorta şirkətlərindən kompensasiyanı alıb-verməklə məşğul olur. O, mənə müraciət etdi. Beləliklə, qərara gəldik ki, həm Rusiyada, həm də Azərbaycanda müvafiq xərclər məhz bizim xeyriyyə fondu hesabına qarşılansın. Bura notariat, dəftərxana və başqa xərclər daxildir”.

N.Bəydəmirli, həmçinin bunun əhəmiyyətini də izah etdi:

 “Həmin adam mənə dedi ki, bir iş üçün təxminən 250.000 rubl lazım gəlir. Və bir neçə zərərçəkmişin adını göndərdi. Bilirsiz, bizim Rusiyada yaşayan soydaşımızların çoxu heç də varlı deyillər. Əks halda vətənlərini tərk etməyə məcbur qalmazdılar. Onların vəkil tutmağa, hüquqlarının müdafiəsi ilə məşğul olmağa imkanları yoxdur.

Yəni biz xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə məşğul oluruq. İctimaiyyətimizdən, oxuculardan da xahiş edirəm ki, belə adamların tapılmasında bizə yardımçı olsunlar”.