"Səni çox sevirik, canım atamız"

"Şərq" şəhidlərimizin məzarına qoyulan məktublara göz gəzdirdi

"Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər!

Göydən əcdad enərək öpsə o pak alnı dəyər."

Vətən torpaqlarının bütövlüyü uğrunda sinəsini düşmənə sipər edən, gözünü qırpmadan canından keçən qəhrəman oğulları ziyarətə gəldik. 
Məzarları bir-bir ötüb keçdikcə hər şəkildə qürur və sevinc dolu bir sima görürdük... Onlar sanki bizimlə danışır, soyuq daşlara həkk olunan şəkillərində bizə baxıb gülümsəyirdilər. 

Bəli, gülümsəyirdilər. Axı onlar layiq olduqları yerə - ən uca zirvəyə - şəhidlik məqamına yüksəliblər. O zirvə ki, insan oğlunun düşünə bildiyi bütün ucalıqların ən alisidir.  

Fəqət, o gözlərdəki gülüşün əsl səbəbi tamam fərqlidir. Həsrətini çəkdiyimiz cənnətməkan Vətən torpağının düşmən tapdağından xilas olması igidlərimizin simalarındakı gülüşdən də aydın olurdu. 

Bizi yer üzündəki cənnət Qarabağa qaytarıb özləri də əbədi cənnətlərinə qovuşdular.

Elə bu düşüncələrlə şəhidlərimizi ziyarət edərkən məzarların üstündəki məktublar diqqətimizi çəkdi. Hər qəbrə yaxınlaşıb məktubları bir-bir oxuduq. Bu namələri qəhrəman oğullarımıza ailə üzvləri, yaxınları və başqa ziyarətə gələn insanlar yazmışdı. 

Təsirli, eləcə də duyğuları bir-birinə qatan bu məktub parçalarını "Şərq"in oxucuları üçün hazırladıq. Onları sizə təqdim edirik:

General-mayor Polad Həşimovun ad günü üçün yazılan məktub: "Cənnətdəki ilk yaşınız mübarək olsun. Biz sizi çox sevirik. Sizi heç vaxt unutmayacağıq. Bizlərdən cənnətdə olan bütün şəhidlərimizə salam çatdırın. 

Böyüdün vətən qucağında,
Şəhid oldun 45 yaşında.
Anan sənsiz çox ağladı
Biz də sənə yas saxladıq.

Qoy qəbrin nurla dolsun,
Mələklər sənə yar olsun.
Qəbr evin cənnət olsun
Məkanın gülüstan olsun".
                                                       
 Namazovlar ailəsi:
                                       Məsumə, Zeynəb, Məhəmmədəli, Bətül

Generalımızdan sonra ermənilərdən onun qisasını alan şəhid Əsgər Dövlətzadə Cəbrayılın məzarı başındayıq. Al-qırmızı qərənfillərin içində ona aid bir məktub var:  "Mənim qəhrəmanım, Allah sənə rəhmət eləsin. Nur üzlü şəhidim, Allah ailənə səbr versin. Səni unutmayacağıq"...

                                                                                                                                    Əsgərzadə Rüqəyya

Şəhid Əsgər Tarverdiyev Nicat Şöhrət oğlunun qəbri üstündə anası və yaxınları dayanmışdı. Məzardakı məktubu götürüb oxuyanda anası dedi ki, həmin sözlər onun dostuna aiddir: "Salam, qardaşım! Bu gün sənin qırxındır. Artıq aramızdan ayrılmağından qırx gün keçir. Sənin gedişin qəlbimdə böyük, sağalmaz bir yara açdı. Gözəl qəlbli sinif yoldaşım, qardaşım, səni heç vaxt unutmayacam".

                                                                                                                        Qardaşın İbrahim                                                                                              

Növbəti qarşımıza çıxan məktub isə şəhid leytenant Atayev Nicat Habil oğluna ünvanlanan şeir oldu: 

"Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər!
Göydən əcdad enərək öpsə o pak alnı dəyər.
Nə böyüksən ki, qanın qurtarıyor töhvidi?!
Bədrin arslanları ancaq bu qədər şanlı idi!

Şanlı ruhun qarşısında baş əyirik, ey Vətən oğlu! Vətən bizə əmanətdir"... 

Şəhid əsgər Atakişiyev Nurlan Etibar oğluna şeirlə yazılan məktub:  

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də yıldızlar gibi parlayıb sönməkdir.
Sızlarsa da könüllər şəhidlərin yasından
Qaçar addım getməli onların arasından.
Qəhrəmanlıq içərək acı ölüm tasından
İrəliyə atılmaq və sonra dönməməkdir.
Vətənin qəhrəman oğlu, daim qəlbimizdəsən"...


Şəhid kapitan Nəcəfov Vüqar üçün isə oğlu bunları yazmışdı:  "Ata, sənin üçün çox darıxmışıq. Səni çox sevirik, canım atamız. Babam, nənəm də darıxıb". 

Mayor Əhədzadə İlkin Qələmşah oğluna yazılan məktub:  "Salam, əmi, necəsən? Mənəm, Ömər. Yadındadır? O gülüb, zarafatlaşdığımız günlər? Mənə döyüşməyi, hərbidə necə davranmağı, silahların adını öyrədirdin. Mən də böyüyüb sənin adını yüksəklərdə tutacağam. Mən də sənin kimi hərbçi vəzifəsində çalışıb, sonra da şəhid olub səninlə birgə bu torpaqda yatacağam"...

Ədliyyə kapitanı şəhid Xəlilov Ruhin Müzəffər oğluna övladından belə bir məktub ünvanlanmışdı: "Sən getdin... Ancaq biz saat 8-də qapıya baxırıq.
Ata, sənin təzə evin rahatdır? Ağıllı olacağam, dərslərimi yaxşı oxuyacağam. Dərslərimdən "5" alacağam.  Ata, mən səni çox istəyirəm".

                                                                                                 Qonça Xəlilova

Şəhid leytenant Məmmədov Fərid Vəlhad oğluna ünvanlanan məktub:  "Fərid əmi, mən səni çox istəyirəm. Bilirəm ki, sən şəhid olmusan"...

Şəhid polkovnik-leytenant İbrahimov Xeyrulla Mayis oğlunun məzarı üstündə bir neçə məktub əmanət edilib:  "Salam, mənim şəhidlərim. Mən çox üzülürəm. Mən bilirəm ki, siz qəhrəmansınız".
                                                                                                                         Qubadov Zülfüqar 
"Salam, igid əsgərim, sizinlə fəxr edirəm. Siz Qarabağı aldınız". 
                                                                                                                              Zəhra 
"Salam, əziz şəhidlərim, cəsur igidlərim. Siz çox cəsursunuz. Mən sizinlə fəxr edirəm". 

                                                                                                         3-cü sinif şagirdi Nümunə

General-leytenant Məmmədov Fuad Nadir oğlunun məzarı üstündəki məktub:  "Salam, əziz şəhid. Bu müharibədə özünüzü bizə fəda etdiniz. Mən sizi və bütün şəhidlərimizi çox sevirəm". 

Bəli, budur şəhid ruhlarına ünvanlanan məktublar. Şəhidlərimizin ucada gəzişən, Qarabağın işğaldan qaytarılmasından rahatlıq tapan ruhları duyur bu məktublardakı ağrıları, arzuları... Rahat uyuyun, əziz şəhidlər.

Hazırladı:  Aytac Ali, Ağarza Elçinoğlu