Polietilen torbalara əlvida deyirik

Ancaq qadağalardan sonra əsas yük alıcıların üzərinə düşəcək

"Xaricdə insanlar bu cür torbaları adətən bir dəfə alır. Keyfiyyətli olduğu üçün isə dəfələrlə istifadə edə bilir"

Qalınlığı 15 mikrona  qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi 2020-ci ilin noyabrın 21-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Ətraf mühitin mühafizəsi haqqında” Qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib. 

Həmin qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minsə də polietilen torbalarla bağlı hələ heç bir tədbir görmürlər. Lakin bu işə görə market sahibləri məsuliyyət daşıyır. Əgər sahibkarlar məsələ ilə bağlı tez bir zamanda tədbir görməsələr cərimə olunacaqlar. Yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almaq lazımdır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən polietilen torbalarla əlaqədar müvafiq müraciətlər hazırlanır. Həmin müraciətlər qısa zaman ərzində aidiyyəti qurumlara təqdim ediləcək. 

Mövzu ilə bağlı "Şərq"ə danışan iqtisadçı Əkrəm Həsənov  bildirib ki, bu məsələdə əsas yük alıcının üzərinə düşəcək:

"Sözügedən qadağa xarici ölkələrdə də mövcuddur. Qalınlığı 15 mikrona qədər olan polietilen torbalar istifadəyə yararsız hesab edilir. Buna görə də insanlar daha keyfiyyətli və qalınlığı çox olan torbalardan istifadə edirlər.

Lakin xarici ölkələrdə yaşayan şəxslər bu torbaları pulla satın alırlar. 

Düşünürəm ki, qadağanın tətbiqindən sonra bizdə də həmin hal ilə qarşılaşmaq təsadüfi olmayacaq. Bu ağırlıq da alıcıların üzərinə düşür. Çünki hər dəfə marketə gedib torba almaq onlar üçün əlavə xərclərə səbəb olacaq.

Xaricdə insanlar bu cür torbaları adətən bir dəfə alır. Keyfiyyətli olduğu üçün isə dəfələrlə istifadə edə bilir. Ölkəmizdə də keyfiyyəti yüksək olan torbaların bir dəfədən çox istifadəsi alıcılar üçün daha münasibdir. Bu həm də onların sağlamlığı üçün daha əlverişlidir".

Aytac Ali