"Moskvada radio çıxışından sonra mənə 25 min məktub gəlmişdi"

Zahid Xəlil: "Bu rəqəm yalnız sevgidə bu qədər böyük ola bilər"

"Uşaq ədəbiyyatını böyük də oxuyub bir şey başa düşürsə, bu, əsl ədəbiyyatdır.  Yox əgər yalnız uşaq oxuyursa, deməli, bunun heç bir faydası yoxdur"

 Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Zahid Xəlilin adı türk oxucularına yaxşı tanışdır. Türk dünyasında geniş yayılan "Temrin" dərgisi 86-cı sayını bütövlükdə onun yaradıcılığına həsr edib. 2021-ci ilin ilk günlərində isə İstanbulun "Asmaaltı yayın evi" Zahid Xəlilin "Qış nağılı" kitabını oxuculara təqdim edib.
Əsərləri türk dilinə tanınmış tərcüməçi Əbdülqadir Özqan və gənc şair-tərcüməçi Əbdürrəhim Kiçik çeviriblər. Hər iki kitabın rəsmlərini tanınmış rəssam Şükran Ozqan çəkib.

Yazıçının fikrincə, "Qış nağılı" onun üçün ən yaxşı yeni il hədiyyəsidir.

“Şərq” yazıçı ilə söhbətləşib, digər suallara da cavab alıb.

 - Uğurlarımız  maqnit kimidir. Biri var olur, sonra  digərlərini də özünə doğru çəkir.  Zahid müəllim, mənimlə razısız?

  - Bəlkə də siz  haqlısınız.  Son zamanlar bizim "Qarabağ" zəfərimiz, bu yaxınlarda şahmat aləmində Teymur  Rəcəbovun qazandığı qələbə sanki  bir-birini tamamladı.

Ümumilikdə bütün müvəffəqiyyətlər vəhdət təşkil edir. Burada müxtəlif sahələrdə idmanda, incəsənətdə, ədəbiyyatda və s. də qazanılan uğurları bir-birinin davamı kimi götürə bilərik.

- Türkiyədə nəşr edilən "Yumru yumaq" kitabınızdan sonra 2021-in ilk günlərində "Qış nağılı" kitabınızın  nəşri sizdə necə təəssürat oyatdı?

- Bəli, 2020-ci ilin oktyabr ayında Türkiyədə mənim "Yumru yumaq" adında kitabım nəşr olundu. Bu mənim üçün əlbəttə ki, çox sevindirici bir hadisə oldu. Mən bu kitabın da, yəni "Qış nağılı" kitabımın da çıxacağını gözləyirdim. Çünki  biz əvvəlcədən müqavilə bağlamışdıq. Amma eyni zamanda tərəddüd də edirdim ki, hər hansısa hadisə baş versə çıxmaya bilər. Narahat idim. Nəhayət,  2021-ci ilin ilk günlərindən birində kitabım işıq üzü gördü. Şübhəsiz, bu mənim üçün çox gözəl xəbər oldu. Hələ də xəbərin xoş təəssüratları mənimlədir. Yəqin  hələ bir müddət də mənimlə olacaqlar.

- Nəyə görə "Qış nağılı"? Adın xüsusi səbəbi var, yoxsa....

 - Kitabının adının "Qış nağılı" olmasının elə də xüsusi bir səbəbi yoxdur.

 - "Yumru yumaq" kitabında 38 hekayəniz yer alıb. Bəs "Qış nağılı"nda nələri görmək olar?

  - "Yumru yumaq" kitabında 38 hekayə, bu kitabda - "Qış nağılı" kitabında isə 15 hekayə yer alıb. Bu hekayələrin hamısı müəyyən mənada bir-birinin davamı və inkişafı şəklində verilib.

-  Bildiyimiz kimi "Yumru yumaq" kitabınızı Əbdülqadir  Özqan və Əbdürrəhim Kiçik, "Qış nağılı" kitabınızı isə Əbdürrəhim Kiçik  türk dilinə tərcümə edib. Bu kitabların oxucular tərəfindən sevilməsində tərcümənin rolunu necə qiymətləndirmək olar?

   - "Yumru yumaq" kitabımı Əbdülqadir Özqan, "Qış nağılı" kitabımı isə Əbdürrəhim Kiçik türk dilinə tərcümə edib.  Əbdülqadir Özqan Türkiyənin tanınmış tərcüməçilərindəndir. Azərbaycandan bir neçə roman da tərcümə edib.

Mən onun qələminə yaxşı bələdəm. Türkiyədə "Temrin" jurnal çıxmışdı. Bu jurnal bütünlükdə bir nömrəsinin 86-cı sayını mənə həsr etmişdi. Orda Azərbaycandan göndərilən  məqalələrin müəyyən hissəsini Əbdülqadir Özqan türk dilinə tərcümə etmişdi.

Mən gördüm  ki, onun qələmi gözəldi. Biz onunla heç  üz-üzə görüşməmişik hələ də. Onun bu sahədə  yaradıcılığına uzaqdan bələdəm və çox bəyənirəm. Azərbaycan ədibləri də onu yaxşı tanıyırlar. İkinci kitabı ("Qış nağılı"nı) isə  türk dilinə tərcümə edən Əbdürrəhim Kiçikdir.

Özü çox gənc biridir. Hələ Universitetdə  sonuncu kursda oxuyur. Dəqiq deyə bilmərəm, amma deyəsən, bu onun ilk tərcüməsidir. Bu da məni çox sevindirir. Bilirsiniz niyə? Çünki əgər gənclik sənə qiymət verirsə, səndə böyük bir ruh yüksəkliyi olmalıdır ki, səni sevirlər. Yaşlı nəsil çox vaxt bir-birinin qüsurunu demir, çalışır üstündən keçsin, amma gənclər bu məsələdə daha ədalətli olurlar.

Ona görə də Əbdürrəhim Kiçiyin "Qış nağılı" kitabımı tərcümə etməyi məni xeyli sevindirdi. Onunla da hələ görüşə bilməmişəm. Bircə dəfə şəklini görmüşəm. Deyim ki, əlbəttə kitabın tərcüməsindən çox şey asılıdır.

Məsəl üçün, mən bunu Rusiyada nəşr olunan kitablarımın tərcüməsindən görmüşəm. Belə bir məqam da var ki, nəsrdə əsərin canında bir şey yoxdursa, hadisə maraq doğurmursa, tərcüməçi nə etsə də boşdur. Hər halda tərcümə edən biri əsərə yeni bir hadisə bilməz ki. Tərcüməçi sadəcə sözləri doğru tərcümə etməlidir. Mən kitabı diqqətlə oxudum gördüm ki, sözlər olduğu kimi yerində qalmaq şərtilə türk dilinə tərcümə olunub. Çox da aydın başa düşülür. Heç bir dəyişiklik edilməyib.  Belə də olmalıdır.  Yenə də qeyd edirəm tərcümənin böyük önəmi var. Amma nəsrin özündə də bir şey olmalıdır.

 - Türkiyədə nəşr olunan hər iki kitabdakı  rəsmlərin müəllifi  Şükran Ozqan olub. Sizcə, bu kitablardakı rəsmlər nə qədər önəmlidir? Onlar şeirlərlə  vəhdət təşkil edə bilibmi?
   
   - Hələ  kitab çap edilməmişdən əvvəl Əbdülqadir Özqan şəkilləri mənə göndərdi. Kitab çapından öncə Şükran Ozqan hekayələrimi haradansa tapıb və onlara özü rəsmlər çəkib. Bu rəsmləri görən kimi qeyri-ixtiyari olaraq həyəcanlandım. Mən  gördüm ki, Şükran xanım mənim ədəbiyyatdan nə tələb etdiyimi sanki başa düşür.

Özü də rəsmlərdən onu tələb edir. Bu tələb nədir : cansızları canlandırmaq, onlara həyat vermək, onları insan kimi danışdırmaq, rəsmlərdə də onları canlı göstərmək. Şükran Ozqan bunları çox gözəl bilir. Mən sonradan onun haqqında araşdırma apardım və gördüm ki, öz sahəsində tanınmış bir mütəxəssisdir. Hazırda  Türkiyədə universitetlərin birində bu sahə üzrə dərs deyir.
   
 - Sizə görə uşaq ədəbiyyatının özəllikləri nələrdir?

 - Bir şeyi xüsusi olaraq vurğulamaq istəyirəm. Bir az kobud səslənəcək amma deyəcəm. Bir qisim insanlar uşaq ədəbiyyatını "uşaq-muşaq" ədəbiyyatı kimi başa düşürlər.

Bunlar tamamilə fərqli şeylərdir. Uşaq ədəbiyyatı yanlız uşaqlar üçün nəzərdə tutulmur. Bunu çox vaxt düzgün anlamırlar.  Uşaq ədəbiyyatı deyəndə biz "böyük uşaq ədəbiyyatını" nəzərdə tutmalıyıq. Məsəl üçün, Canni Rodarinin, Qrimm  qardaşlarının, Şarl Perronun  əsərləri böyük uşaq ədəbiyyatıdır. Yəni əslində uşaq ədəbiyyatının altında böyük sözaltı mənalar dayanır. Bu fikirlər həm də böyüklərə aid olur. Uşaq ədəbiyyatını böyük də oxuyub bir şey başa düşürsə, bu, əsl ədəbiyyatdır.  Yox əgər yalnız uşaq oxuyursa, deməli, bunun heç bir faydası yoxdur. 

- Bir yazıçı kimi ölkə hüdudlarından kənarda da sevilmək necə bir hissdir?
   
    - Siz ölkə hüdudlarından kənarda sevilməyi soruşursunuz, amma elə ölkədə hüdudlarında da sevilmək yazıçının ən böyük arzusudur. Yazıçı hiss edəndə ki, onu kimsə oxuyur, kimsə başa düşür, kimsə sevir, sanki onun ömrü uzanır. Ona yeni bir ruh, yeni bir enerji gəlir. Bu enerji oxucudan gələn enerjidir ki, onun da sayəsində yazıçı daha  mükəmməl yazmaq istəyir.

Əlbəttə, bu çox gözəl bir hissdir. Mənim yadıma düşür ki, Moskvada radio proqramda çıxış etmişdim. Bir həftə sonra məni çağırdılar. Mənə 25 min məktub göstərdilər. Onlar mənim üçün gəlmişdi. Yəni 25 min insanın səni sevməsi çox möhtəşəm bir hisdir. Onlar məndən bəzi sözlərin anlamını, hətta bəzi bitkilərin adlarını belə soruşdular. Bu rəqəm yalnız  sevgidə bu qədər böyük ola bilər. Birinə nifrət edənlər qalxıb ona məktub yazmaq istəsələr heç vaxt bu rəqəmə yüksələ bilməzlər. Ümumiyyətlə sevilmək gözəldir.

  - Bundan sonrakı fəaliyyətinizdə nələri planlaşdırırsınız?
   
   - Yazıçının planı nə ola bilər? Gündəlik fəaliyyət göstərsin, yeniliklər etsin, boş dayanmasın bir növ kompüter kimi. Necə ki, kompüter günboyu lazım olmasa da açıq qoyulur,   yazıçı da elə. Bəzən bir gündə bir neçə yazı yazırsan, bəzən elə olur beş gün heç nə yazmırsan. Yazıçılıq belədir. Mən bağ mövsümü olanda gündə üç-dörd şeir yazırdım. Özü də yaxşı şeirlər. Bağda insanın zehni dirçəlir. Hazırda Bakıda olduğum üçün bəzən gündə bir şeir yazıram , bəzən də heç nə yazmıram. Yazıçının işi planlı şəkildə getmir. Elə olsa idi bütün günü yazardım.

 - Zahid müəllim, quyunun dibindəki adamdan (qeyd:  Zahid Xəlilin "Quyunun dibindəki adam" hekayəsində yaratdığı obraz nəzərdə tutulur)  nə xəbər var?)

   - Quyunun dibindəki adam hələ də ordadır (gülümsəyir). Mən güman edirəm ki, bu obraz hələ yaşayacaq . Əgər bu gün  o "quyunun dibindəki adam" sizi də narahat edirsə, onun taleyi sizi də düşündürürsə, deməli, siz də o hadisəyə inanırsınız. Yazıçının ən böyük qələbəsi elə oxucunu inandırmağıdır. Mən sizi inandıra bilmişəm.  Bu gözəldir.

Günəş Mərdiyeva