Lənkəranski sağdır ?Keçmiş rəis: "Başçımız ölməyib deməklə...”  

Məmməd Zeynalov: “Rövşənin sağ olduğunu iddia etməklə qorxu yaratmaq istəyirlər”

“Yəni “Hələ də gücümüz var, başçımız ölməyib, sağdır””


2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin sağ olduğuna dair müxtəlif iddialar var. Bununla bağlı sosial şəbəkələrdə zaman-zaman müzakirələr aparılır.


Xatırladaq ki, Lənkəranskinin ölümündən bir müddət sonra da belə mülahizələr irəli sürülürdü. Onlardan biri Rövşənin güllələndiyi maşında heç bir qan izinin olmamasıdır. Bu da nüfuzlu qanuni oğrunun hələ yaşadığı barədə ehtimallara yol açıb. Halbuki maşının oturacaqları qana bulaşmalıydı. Digər iddia mərhumun məzarının üstünün betonlanmasıdır. Dini rituallara görə, məzarın betonlanması qadağan olunmayıb və bəzi yerlərdə bu dəfn ənənəsinə rast gəlinir. Lakin Lənkəranda qəbrin betonlanması çox az rast gəlinən haldır. 



İddialara dair fikirlərini “Sherg.az”la bölüşən Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov Lənkəranskinin sağ olduğuna inanmadığını söyləyib:

“İndiki zəmanədə bu, mümkün olan hal deyil. Hazırda uçot məsələsi o qədər güclüdür ki, ona görə də səslənən iddialar cəfəngiyatdır.
Rövşənin sağ olduğunu iddia etməklə qorxu yaratmaq istəyirlər. Yəni “Hələ də gücümüz var, başçımız ölməyib, sağdır” ”.

Lənkəranskinin ölümündən sonra Moskva bazarlarına nəzarətin kimlərdə olmasına gəlincə, M.Zeynalov bildirib ki, bu nəzarət hər zaman azərbaycanlılarda olub, yenə də azərbaycanlılardadır:

“Səhv etmirəmsə, oradakı bazarlara əsasən şəmkirlilər nəzarət edir. Çünki onlar böyük bir qüvvədirlər. Onlara say və mövqe hesabı ilə çatmaq mümkün deyil”.