Sanki həzz alırlar...

Saxlanan həkim seçilmək üçün vahimə yaradan səs yazısı yayıb

Son günlərdə sosial şəbəkələrdə insanları olduqca narahat edən səs yazısı yayılıb. Koronavirusun 3-cü dalğasının təhlükəli və qorxunc olacağından xəbər verən səs yazısını yayan şəxsin kimliyi  DTX-nın araşdırmaları nəticəsində müəyyən edilib. 
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi İlahə Məcidova tərəfindən bir neçə gün öncə sosial şəbəkələrdə paylaşılan səs yazısı  ölkəmizdə COVİD-19 virusunun 3-cü dalğasının qorxulu olacağı, uşaqlar arasında bu səbəbdən ölüm hallarının baş verəcəyi barədə əsassız məlumatlar öz əksini tapıb. Bu hal insanlarda vahimə və təşvişə səbəb olub. 

Psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə açıqlamasında deyib ki, belə adamların  saxta məlumatları yaymaqda məqsədi insanları özünə cəlb etmək və fərqli görünməkdir:

"Hazırda sosial şəbəkələr insanlar tərəfindən aktiv şəkildə istifadə olunur. Hər kəs indiki dövrdə fərqlənmək istəyir. Bu tipli səs yazısı, yaxud saxta məlumat yaymaqla insanlar  sosial platforma vasitəsilə özlərini fərqlənmiş hesab edirlər. Həmin şəxslərin həyata baxışında çox maraqlı tendensiyalar var. Belə ki, anonim olsa da onlar bu cür informasiyaları yayaraq seçilmək istəyirlər.  Həmin şəxslər əhali arasında ajiotaja səbəb olmaqdan sanki həzz alır və özgüvənlərini yeniləyirlər.  Belə hallar cəmiyyətə olan aqressiyadan yarana bilər.  Təəssüf ki, sözügedən məlumatlara inananlar çox olur.  Bu da cəmiyyətdə müəyyən problemlər yarada bilir". 

Aytac Ali