Qar fırtınası böyüyür

Xəbərdarlıq edilib ki, 60 saat müddətinə təhlükəyə hazır olun

ABŞ-ın bəzi əyalətlərində havanın kəskin sərt keçməsi ilə əlaqədar olaraq nəqliyyat sistemi iflic olub və yüzlərlə uçuş təxirə salınıb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki,  Minnesota və İllinois əyalətlərindən şərqə doğru başlayan qar fırtınası Virciniya, Maryland və Vaşinqtona da təsir edib. Hətta Çikaqoda qarın qalınlığı 17 santimetrə çatıb. Qar qalınlığının 10 santimetrə çatdığı Vaşinqtonda isə fövqəladə vəziyyət elan edilib.

ABŞ-ın şərq sahillərini viran qoyan qar fırtınası Nyu-Yorkda da həyatı tamamilə dayandırıb. Bazar ertəsi günortadan sonra Nyu-Cersi  və Pensilvaniya bölgələrində qarın qalınlığı 48 santimetrə çatıb.

Nyu-York əyalətində bəzi yerlərdə 43 santimetrə çatan qar səbəbindən fövqəladə vəziyyət elan edilib. ABŞ-ın hava xidməti fırtınanın İngiltərəyə doğru hərəkət edəcəyini bildirib.

Hətta İngiltərənin bəzi bölgələrinin 60 saat müddətində  təhlükəyə hazır olmaları barədə xəbərdarlıq edilib. 

Bir neçə gün ərzində saatda 80 kilometr sürətlə əsəcək güclü küləklərin həyata mənfi təsir göstərməyə davam edəcəyi təxmin edilir.