Xüsusi nümayəndəliklərin yaradılması effektiv olacaq


Əliməmməd Nuriyev: "Bununla bölgələrdə icra hakimiyyəti orqanlarının ləğv olunması da mümkündür"

Azərbaycan Respublikası Prezidentinin 4 fevral tarixli fərmanına əsasən xüsusi nümayəndəliklər haqqında Əsasnamə təsdiq edilib.
Fərmanda deyilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları AR Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Prezident İlham Əliyevin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Yəni mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Prezidentin təyin etdiyi xüsusi nümayəndəliklə razılaşdırılmamış heç bir addım ata bilməyəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışları zamanı bu barədə danışıb. Bildirib ki, həmin nümayəndəliklər ona görə təsis edilib ki, ayrı-ayrı məmurların özbaşınalığına, mənimsəmələrinə, qanunsuz əməllərinə yol verilməsin.

Məlumdur ki, ölkəmizdə vətəndaşların yerli icra hakimiyyəti strukturlarından çoxsaylı narazılıqlarına rast gəlinir. Xüsusilə hələ ötən il icra hakimiyyəti orqanlarında baş verən neqativ hallar cəmiyyətə açıqlandı və buna görə həbslər baş verdi.

Məsələ ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, bununla bölgələrdə icra hakimiyyətlərinin ləğv olunması da mümkündür:

"Mövcud idarəetmə təchizatı ilə onu həyata keçirmək yetərli qədər mümkün görünmür. Həmin ərazilərlə bağlı xüsusi nümayəndəliklər təyin edildikcə, ola bilsin ki, onların yerli icra hakimiyyətlərinin ləğvi də baş versin.

Düşünürəm ki, bununla bağlı müəyyən təhlillər həyata keçirilir. Çünki yeni idarəetmə aləti yaradıldıqda paralel strukturların ləğvi də gündəmə gəlir. Ona görə ki, hazırkı şəraitdə biz resurslara qənaət etməliyik, resurslardan səmərəli istifadə etməliyik. Bütün bunlar idarəetmə xərclərinin azaldılmasını zəruri edir. Bir təsisat yaradıb, digər paralel təsisatları saxlamaq idarəetmə xərclərini artıra bilər. Bu baxımdan düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə də addımlar olacaq. Hesab edirəm ki, bu idarəetmə sistemi Azərbaycanda yaxşı idarəetmə nümunələrindən biri ola bilər”.

Ə.Nuriyev bildirdi ki, bu cür təsisatların Prezident Administrasiyasına, Prezidentə birbaşa çıxışlarının olması idarəetmədə yeni alqoritmin formalaşmasına gətirib çıxaracaq:

"Ümumiyyətlə, hesab edirəm ki, Prezidentlə birbaşa əlaqələr quran təsisatlar olmalıdır. Hər hansı aralıq əlaqələr idarəetmənin effektliyini azaldır. Qarşıda böyük hədəflər var - məlumdur ki, 2030-cu ilə qədər milli iqtisadiyyatın prioritetləri müəyyən edilib - orda 5 əsas prioritet nəzərdə tutulub ki, bunlar da idarəetmənin hansı qaydada qurulacağından asılıdır.

Faktiki olaraq hazırkı şəraitdə işğaldan azad edilmiş bölgələr üzrə yaradılması nəzərdə tutulan bu təsisat demək olar ki, mərkəzi icra hakimiyyətinin yerlərdə olan idarələrinə aid olan bütün məsələlər üzrə cavabdeh olan təsisatdır. Burada ən mühüm məsələ qərarların qəbul edilməsində çevikliyin təmin edilməsidir. Quruculuq, sosial və bütün məsələlərlə bağlı sözügedən təsisatın qərar qəbul etmək, müvafiq qurumlar qarşısında məsələ qaldırmaq səlahiyyəti var. Səlahiyyətli nümayəndə həm də ərazi üzrə təyin olunur. Həmin ərazilərin hüdudları da cənab prezident tərəfindən müəyyənləşdirilib. İndiki halda Şuşa şəhəri ilə bağlı bütün məsələlər səlahiyyətli nümayəndəliyin razılığı, nəzarəti altında həyata keçiriləcək”.

Ağarza Elçinoğlu