Bəlkə başqasına dərs ola...

Qazi adından istifadə edənlər ən sərt şəkildə cəzalandırılmalıdır

"Çünki belə adamlar bizim üçün çox müqəddəs olan dəyərləri gözdən salırlar. Həmin şəxslər qazanacağı 3-5 manata görə qazi və hərbiçilərimizə pis əməlləri ilə ağır zərbə vurur"

Paytaxtın Yasamal rayonu ərazisində qazi olduğunu iddia edən və buna görə dilənən şəxs saxlanılıb. Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı bu adam qollarını bintlə bağlayıb. Həmin şəxs qazi adı ilə döyüşlərdə yaralandığını deyərək insanlardan pul mənimsəyib. O, dələduzluqla məşğul olarkən polis tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunub. 

Bu, qarşılaşdığımız ilk hal deyil. Bir neçə gün bundan əvvəl bir qadın da iki oğlunun döyüşlərdə itkin düşdüyünü qeyd edərək özünü aciz göstərməyi bacarmışdı. İnsanların həssas nöqtəsinə toxunaraq, onların hissləri ilə oynayan bu şəxslərin niyyəti hamıya maraqlıdır.

Sözügedən mövzu barədə sosioloq-alim Əhməd Qəşəmoğlu fikirlərini "Şərq"lə bölüşüb. O qeyd edib ki, müqəddəs saydığımız dəyərləri tapdalayan bu şəxslər qəti şəkildə cəzalandırılmalıdır:

"Bəzi insanlar psixologiyasına görə digərlərindən fərqlənir və buna görə də onlar hər şeyi özlərinə məqbul bilirlər. Oğlanlarının itkin düşdüyünü iddia edən qadını psixoloji problemləri olduğuna görə bağışlamaq olar. Çünki biz cəmiyyətdə buna bənzər hadisələri vaxtaşırı görürük. İnsanlar var ki,  özünü Şekspir, Stalin və yaxud başqa biri elan edir.

Həmin qadına  da ətrafında baş verən hadisələr təsir etmiş ola bilər. Kiminsə övladının itkin düşdüyünü eşidib və sonra  bunu sanki öz uşağı olaraq qəbul edib. Əqli problemi olduğuna görə ona rəhm etmək və başa düşmək olar. Lakin elə insanlar da var ki, həmin mövzularda bilərəkdən insanların yaxşı niyyətindən istifadə edir. Onlar ciddi şəkildə cəzalandırılmalıdır. Çünki belə adamlar bizim üçün çox müqəddəs olan dəyərləri gözdən salırlar. Həmin şəxslər qazanacağı 3-5 manata görə qazi və hərbiçilərimizə pis əməlləri ilə ağır zərbə vurur. Bu fırıldaqçılar o qədər sərt cəzalandırılmalıdır ki, sonra başqası belə iş tutmağı ağlına da gətirməsin. Müqəddəs dəyərlərimizin tapdanmasına qəti surətdə yol vermək olmaz". 

Aytac Ali