Günah sayılmaz

Bu il Həcc ziyarəti mümkün görünmür

Pandemiya sağlamlığımıza təhlükə törətdiyi üçün heç kimin bu ziyarəti etməyə qüdrət və imkanı yoxdur

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir rəsmi məktub gəlməyib. Eyni zamanda builki Həcc müqaviləsi də imzalanmayıb. Çoxsaylı müraciətlərə baxmayaraq, bu səbəbdən sənəd qəbulu başlamayıb. Bütün bunlar Həcc ziyarətinin bu il də baş tutmayacağına ehtimal yaradır. Ümumilikdə Səudiyyə Ərəbistanı daxilində ziyarət ola bilər. Amma Azərbaycandan Həcc ziyarətinə səfərin olmayacağı güman edilir. 

Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən ilahiyyatçı Hacı Atif İsmayılov qeyd edib ki, hazırda hökm sürən pandemiya səbəbindən bu ziyarəti həyata keçirmək üçün insanların heç bir imkanı yoxdur: 

"Qurani-Kərim"də Həcc mərasiminin yerinə yetirilməsi ilə bağlı bir sıra şərtlər var. "Qüdrət və imkan" şərti bunlardan ən vacibdir. Həmin şərt maliyyə resursları və digər problemlərin ortaya çıxmadığı bir halda ziyarət etməyi məqbul sayır.

Hamımızın bildiyi kimi, koronavirus infeksiyası bu gün bütün dünyada tüğyan edir. Pandemiya insanların Həcc ziyarətini yerinə yetirməsinə maneə yaradır.

Allah Quranda buyurmuşdur ki, Həcc mərasimini yerinə yetirərkən heç bir maneə olmamalıdır. Bunun üçün insanların hər cəhətdən qüdrət və imkanları olmalıdır. 

İnfeksiyanın yayılması bizim sağlamlığımıza təhlükə törətdiyi üçün  heç kimin bu ziyarəti etməyə qüdrət və imkanı yoxdur. Hazırda müsəlmanların öhdəsində Həcc mərasimini yerinə yetirməsi şərtlərindən birinin özünü tapmadığına görə dini baxımdan bu ziyarət vacib sayılmaya bilər.

Şərait prinsipinə əsasən həmin mərasimin bu il yerinə yetirilməməsi heç bir günaha səbəb ola bilməz.
Əgər Həcc ziyarəti barədə hər hansı dəyişiklik olarsa, Qafqaz Müsəlmanları İdarəsindən müsəlmanlara məlumat veriləcək". 

Aytac Ali